AMEA Aşqarlar Kimyası İnstitutunda “Vətən Müharibəsində qələbənin səbəbləri və çıxarılan dərslər” müzakirə edilib

502

11 iyun 2021-ci il tarixində AMEA Aşqarlar Kimyası İnstitutunun YAP İlk Ərazi Təşkilatı, Gənc Alim və Mütəxəssislər Şurası və Həmkarlar Təşkilatının birgə təşkilatçılığı ilə “15 iyun – Qurtuluş Günü”nə həsr olunan “Vətən Müharibəsində qələbənin səbəbləri və çıxarılan dərsləri” mövzusunda tədbir keçirilib.

Ərazi bütövlüyümüzün təmin olunması və qorunmasında şəhid olan qəhrəman igidlərimizin müqəddəs ruhlarının bir dəqiqəlik sükutla yad edərək tədbiri açıq elan edən İnstitutun direktoru, akademik Vaqif Fərzəliyev bildirdi ki, bu iki önəmli – Qurtuluş Günü ilə Vətən Müharibəsi tarixləri və hadisələri arasında bir bağlılıq vardır: “Çünki yenicə müstəqillik qazanmış respublikamız ermənilərin xarici havadarlarının açıq dəstəyilə Birinci Qarabağ Müharibəsində faktiki uduzmuşdu. Səriştəsiz hakimiyyət və başıpozuq bir qrup dəstənin hesabına ordu yox olmuş, iqtisadiyyat dağılmışdı. Ümummilli Lider Heydər Əliyevin 1993-cü ilin iyun ayında xalqın təkidi ilə hakimiyyətə qayıdışı ilə ilk növbədə vətəndaş müharibəsinin qarşısı alındı, ordu quruculuğu və iqtisadi inkişafa start verildi. Ona görə 44 günlük Vətən müharibəsinin qələbəsinin səbəblərini axtaranda ilk növbədə “Qurtuluş Günü”nün əhəmiyyətini xüsusi vurğulamaq lazımdır”.

V.Fərzəliyevin sözlərinə görə, Ali Baş Komandan İlham Əliyevin yüksək idarəçilik qabiliyyəti ölkəmizi hərbi, iqtisadi və siyasi nöqteyi-nəzərdən qüdrətli dövlət səviyyəsinə çatdırdı, bir tərəfdən hakimyyət-xalq birliyi, bütün qüvvələrin “Dəmir yumruq” altında birləşməsi, digər tərəfdən də dünya birliyinin ərazi bütövlüyümüzün təmin olunmasındakı haqq işimizdə bizə ciddi mane olmaması ilə nəticələndi.

O dedi ki, 44 günlük Vətən Müharibəsindən çıxardığımız əsas dərslər bundan sonra daha da bir olmaq, həmin böyük qələbəni bizə qazandıran şəhid ailə üzvlərini və qazilərimizi həmişə diqqətdə saxlamaq, onlara maddi-mənəvi qayğı ilə yanaşmaq və nəhayət revanş hissi ilə yaşayan erməni qüvvələrinə qarşı həmişə ayıq-sayıq olmaqdır.

O, rəhbərlik etdiyi İnstitutun müharibə günlərində Silahlı Qüvvələrə Yardım Fonduna könüllü olaraq əməkdaşların əmək haqqı hesabına 14250 AZN vəsait köçürüldüyünü, hazırda isə Yaşat Fonduna ianə toplanması üçün könüllü kampaniya elan olunduğunu bildirdi.

İnstitutun YAP İlk Ərazi Təşkilatının sədri, k.ü.f.d. Vəli Kazımov 1993-cü il iyun hadisələrinin səbəbləri, ölkəmizin dağılmaq təhlükəsi ilə üzləşməsi, Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışını şərtləndirən amillərin və ondan sonra respublikamızın hər bir sahəsində baş verən sıçrayışlı inkişafın sonda ən böyük problem olan torpaqlarımızın işğal altında olan 20 faizinin azad olunması ilə ərazi bütövlüyümüzün təmin olunması ilə nəticələnməsindən danışdı.

İnstitutn direktor müavini, YAP İdarə Heyətinin üzvü, dosent Əfsun Sucayev Vətən Müharibəsində qələbəni təmin edən səbəblərin çox olduğunu, lakin onlardan bir yumruq kimi birləşmək və Ali Baş Komandanın rəhbərliyi altında xalqımıza son 200 illik tariximizdə ilk dəfə torpaq geri qaytarmaqla böyük qələbə qazandıran vətənpərvər gəncliyin olmasına önəm verilməsinin vacib olduğunu bildirdi: “Söhbət son 17-20 ildə yetişən Birinci Qarabağ müharibəsi başlananda çoxu heç anadan olmayan, işğal olunmuş rayon və kəndləri yalnız video və şəkillərdə görüb-sevən, 44 günlük Vətən Müharibəsində qanları-canları ilə tarixi dastan yazan, sınmış qürurumuzu dikəldən, alnımıza yazılan ləkəni təmizləyən gənclərdən gedir. Onların ruhu qarşısında nə qədər baş əysək, onları böyüdən ata-analara nə qədər minnətdar olsaq, yenə borclarını ödəyə bilmərik”.

Ə.Sucayev bildirdi ki, alimdən adi peşə sahibinə, ziyalıdan sadə vətəndaşa qədər hər kəsin Vətən Müharibəsindəki nəticələrdən özü, ətrafı üçün çıxardığı dərslər olmalıdır: “İmkan düşən kimi özünü qaniçən, zalım, başkəsən, məğlub olanda dünyanın ən zavallı, məzlum toplumu kimi aparan bir qonşunun olduğunu heç zaman unutmamalıyıq. Bu baxımdan yaradılan zəfər muzeyləri, Hərbi Qənimət Parkı biz və bizdən sonra gələn nəsillər üçün tarixdə yaşadıqlarımızı yaddan çıxarmamaq üçün gözəl vasitədir”.

O, Vətən Müharibəsində ölkəmizə yaxından siyasi, mənəvi dəstək verən ölkələrlə hər bir sahədə olduğu kimi elm sahəsində də birgə əməkdaşlıq platformaların yaradılmasının zəruriliyini qeyd etdi. “AMEA Aşqarlar Kimyası İnstitutu olaraq obyektiv zərurətdən bizə ən çox dəstək göstərən Türkiyə ilə fundamental elm, Pakistan və Ukrayna ilə tətbiqi elm sahəsində son zamanlar genişləndirdiyimiz əməkdaşlığımız böyük nəticələr qazanmağımıza səbəb olub”, – deyə fikirlərinə əlavə etdi.

AKİ Gənc Alim və Mütəxəssislər Şurasının sədri, k.ü.f.d. Səbiyə Osmanova, Həmkarlar Təşkilatının sədri, k.ü.f.d., dosent Elxan İsakov çıxış edərək belə maarifləndirmə tədbirlərinin keçirilməsinin gənclər üçün faydalı olduqlarını bildirdilər.

PAYLAŞ