AMEA Aşqarlar Kimyası İnstitutunda Xocalı soyqırımının qurbanları anıldı

425

AMEA Aşqarlar Kimyası İnstitutunda Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirildi.

Tədbir iştirakçıları Birinci və İkinci Qarabağ  müharibəsində şəhid olanların və Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad etdilər.

İnstitutun baş direktoru, akademik Vaqif Fərzəliyev  tədbirdə çıxış etdi: “Bu gün Xocalı soyqırımından 30 il ötür. Erməni vandallarının 30 il əvvəl Azərbaycan xalqına, günahsız, əliyalın insanlarımıza qarşı törətdiyi insanlığa sığmayan bu qatı cinayət əməlinin qurbanlarının xatirəsi uzun illərdir ki, xalqımız tərəfindən dərin hüznlə anılır. Xocalı faciəsi insanlığa, bəşəriyyətə qarşı törədilmiş bir cinayət idi. Xocalı soyqırımı zamanı şəhər əhalisinin 5379 nəfəri deportasiya olundu, 1275 nəfər əsir və girov götürülərək işgəncələrə məruz qaldı (onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil), 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri aldı, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu, 8 ailə tamamilə məhv edildi, 130 uşaq valideynlərdən birini, 25 uşaq isə valideynlərdən hər ikisini itirdi, 613 nəfər, o cümlədən 63 uşaq, 70 qoca, 106 qadın işgəncə verilməklə vəhşicəsinə öldürüldü. Biz bugünkü gün həmin insanların ruhunu həm də bir qalib xalq kimi anacağıq, artıq özümüzdə təsəlli tapırıq ki, həmin insanların ruhu şaddır, Vətən müharibəsində qələbəmiz həmin insanların narahat ruhlarına da bir rahatlıq gətirib. Biz artıq o insanların ruhunu utanaraq, məğlub xalq kimi deyil, başıuca, qalib xalq kimi anırıq. 2020-ci il  sentyabrın 27-dən başlayan Vətən müharibəsi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun parlaq Zəfəri ilə başa çatıb. 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın işğal edilmiş əraziləri işğaldan azad edilib.”

PAYLAŞ