Azərbaycan Milli Elmlər Akademiyası Aşqarlar Kimyası İnstitutunda xüsusi elmi nailiyyətləri ilə fərqlənən gənc alimlərin əmək haqqına əlavələr ediləcək. Bu AMEA Prezidentinin “AMEA-nın xüsusi elmi nailiyyətləri ilə fərqlənən gənc alimlərinin əmək haqqına əlavələrin müəyyən edilməsi haqqında” 6 fevral 2020-ci il tarixli sərəncamına uyğun yerinə yetiriləcək.
Sözügedən sərəncam AMEA-da istedadlı gənc alimləri daha yüksək səviyyəli elmi tədqiqatlar aparmağa həvəsləndirmək, onların elmi fəaliyyətini lazımi səviyyədə stimullaşdırmaq məqsədi daşıyır. Bununla da xüsusi elmi nailiyyətləri ilə fərqlənən və yaşı 35-dən çox olmayan gənc alim və tədqiqatçıların əmək haqqına büdcədənkənar vəsaitlər hesabına əlavə müəyyən ediləcək. Eyni zamanda gənc alim və tədqiqatçılarla bağlanan əmək müqaviləsinin 4.7-ci bəndinə işəgötürənlə işçi arasında əmək haqqına büdcədənkənar vəsaitlər hesabına əlavənin müəyyən edilməsi ilə bağlı şərtlər daxil olunacaq.