Bu gün AMEA Aşqarlar Kimyası İnstitutunun (AKİ) Yeni Azərbaycan Partiyası (YAP) İlk Ərazi Təşkilatı, Gənc Alim və Mütəxəssislər Şurası və Azad Həmkarlar Təşkilatının birgə təşkilatçılığı ilə 27 sentyabr – Anım Gününə həsr olunan “Ya qalib ol, ya şəhid ol, ya da qazi ol!” mövzusunda tədbir keçirilib.
Vətən Müharibəsində qəhrəmancasına həlak olan şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılan mərasimdə giriş nitqi ilə çıxış edən AKİ-nin Baş direktoru akademik Vaqif Fərzəliyev bildirdi ki, II Qarabağ müharibəsində ərazi bütövlüyümüzün təmin olunmasında, işğal altında olan torpaqların qurtarılmasında şəhid olan hərbiçilərin xatirəsinə hörmət əlaməti olaraq təqvimə daxil edilən 27 sentyabr heç zaman xalqımızın yaddaşından silinməyəcək: “Çünki bu gün bir tərəfdən şəhidlərimizi anmaq günüdürsə, digər tərəfdən qürur günümüzdür. Ona görə ki, məhz bu gündə uzun illər işğal altında qalan torpaqlarımızın azad olunmasına başladıq və qısa müddətdə qəhrəman oğullarımızın hesabına bu missiyanı yerinə yetirdik. O vətənpərvər gənclərimiz bu problemi gələcək nəsillərə saxlamadılar”.
V.Fərzəliyev dedi ki, torpaqlarımızın sülh yolu ilə alınacağına inamımız təmiz itmişdi: “Hətta dünyada bu münaqişəyə ikili yanaşmaya görə, hesab edirdik ki, xalqımıza müharibə yolu ilə də Qarabağ və ətraf rayonların azad edilməsinə imkan verilməyəcək. Ancaq Ali Baş Komandan, ölkə rəhbəri cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasət, qardaş və dost ölkələrin verdiyi dəstək bizə güc yolu ilə də olsa düşməni məhv etməyə və torpaqlarımızın azad olunmasına imkan verdi”.
Akademik rəhbərlik etdiyi İnstitutun I Qarabağ müharibəsində ordumuzun strateji məhsullarla təmin olunmasında xüsusi xidmət göstərdiyini qeyd etməklə, 44 günlük Vətən Müharibəsində isə İnstitut əməkdaşlarının yaxın ailə üzvlərinin könüllü surətdə döyüşə getdiyini və qazi olduğunu söylədi: “Bununla yanaşı İnstitut kollektivi olaraq YAP Ərazi Təşkilatının təşəbbüsü və təşkilatçılığı ilə vətəndaşlıq borcumuzu yerinə yetirərək mütəmadi olaraq istər Silahlı Qüvvələrimizin Yardım Fonduna, istər Yaşat Fonduna, istərsə də Qarabağ Dirçəliş Fonduna maddi dəstək olmuşuq, bundan sonra da olacağıq”.
Tədbirdə AKİ Gənc Alim və Mütəxəssislər Şurasının sədri k.ü.f.d. Səbiyə Osmanova ““Ya qalib ol, ya şəhid ol, ya da qazi ol!” mövzusunda təqdimatla çıxış etdi.
Qarabağ qaziləri – Teymur İmanov və Telman Miriyev müharibə təəsüratlarını bölüşdülər, keçdikləri döyüş yolundan, xalqın həmrəyliyi və birliyindən, onlara dövlət və xalqın yüksək diqqət və qayğısından danışdılar.
İnstitutun icraçı direktoru, YAP İdarə Heyətinin üzvü, elmlər doktoru Əfsun Sucayev, AKİ Qadınlar Şurasının sədri professor Həqiqət Cavadova, AKİ Veteranlar Şurasının sədri, dosent Nüsrət Əliyev və digərləri çıxış edərək Vətən Müharibəsində əldə olunan Böyük Zəfərin əhəmiyyətin vurğuladılar və Anım Gününün şəhidlərimizin xatirəsinə böyük hörmətin əlaməti olmasını qeyd etdilər.
Sonda Qarabağ qazilərinə hədiyələr təqdim olundu.