AMEA Aşqarlar Kimyası İnstitutunun gənc alimi laboratoriya müdiri seçilib

1888

20 noyabr 2018-ci il tarixdə AMEA Aşqarlar Kimyası İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib. İclasda İnstitutun “Aşqarların sintezi və təsir mexanizminin nəzəri əsasları” laboratoriyasının vakant elan edilən müdiri vəzifəsinə seçkilər keçirilib. Bu vəzifəyə İnstitutun aparıcı elmi işçisi, Gənc alim və mütəxəssislər Şurasının sədri, kimya üzrə fəlsəfə doktoru, dosent Əfsun Sucayevin namizədliyi irəli sürülüb.

İnstitutun direktoru, akademik Vaqif Fərzəliyev namizəd haqqında məlumat verərək, Əfsun Sucayevin böyük elmi potensialının olduğunu, qısa müddətdə ciddi fundamental nəzəri-təcrübi nəticələr əldə etdiyini və bu nəticələrin yüksək impakt faktorlu jurnallarda dərc edilidiyini, dünyanın aparıcı elmi mərkəzləri ilə əlaqələr qurduğunu diqqətə çatdırdı. Bu ilin sentyabr ayında kimya üzrə elmlər doktorluğunu müvəffəqiyyətlə müdafiə etdiyini qeyd edən İnstitut rəhbəri, Ə.Sucayevin ötən müddətdə yüksək ixtisaslı kadr kimi yetişdiyini və fəaliyyəti ilə çalışdığı laboratoriya böyük fayda gətirdiyini bildirdi.

V.Fərzəliyev özü tərəfindən yaradılan laboratoriyanın sonrakı illərdə uğurla fəaliyyət göstərdiyini və İnstitutda nümunəvi laboratoriyalardan biri olduğunu, bundan sonra da Ə.Sucayevin rəhbərliyi ilə yeni-yeni uğurlara imza atacağına ümüdvar olduğunu vurğuladı.

Sonda Elmi Şura üzvlərinin səsverməsinin yekun nəticələrinə görə Ə.Sucayev laboratoriya müdiri vəzifəsinə seçilib.

İnstitut rəhbərliyi və Elmi Şura üzvlərinə təşəkkür edən Ə.Sucayev ona göstərilən böyük ehtimadı doğruldacağını ifadə edib.

Məlumat üçün qeyd edək ki, Əfsun Rəzzaq oğlu Sucayev 14 noyabr 1979-cu ildə Lerik rayonunun Züvüç kəndində anadan olmuşdur. Milliyətcə azərbaycanlıdır. O, 2001-­ci ildə Gəncə Dövlət Universitetinin Kimya və biologiya fakültəsinin “Kimya əlavə biologiya” ixtisası üzrə bakalavr pilləsini, 2003-cü ildə isə “Üzvi kimya” ixtisası üzrə magistraturanı fərqlənmə diplomu ilə bitirmişdir. Həmin ildə Azərbaycan Milli Elmlər Akademiyası Aşqarlar Kimyası İnstitutunun əyani aspiranturasına daxil olmuşdur. 2008-ci ildə “Üzvi kimya” ixtisası üzrə “Mono-, di(2-hidroksilpropil)aminlərin və onların tiokarbamid törəmələrinin sintezi və xassələri” mövzusunda dissertasiya işini müdafiyə edərək, kimya üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə layiq görülmüşdür. 2012-ci ildə Aşqarlar Kimyası İnstitutunun elmlər doktoru hazırlığı üzrə doktoranturasına (qiyabi) qəbul olunmuş, 2017-ci ildə təhsilini başa vurmuşdur. 25 sentyabr 2018-ci il tarixdə “Üçkomponentli kondensləşmə reaksiyaları əsasında aminospritlərin tsiklik tiokarbamid törəmələrinin sintezi və çevrilmələri” mövzusunda doktorluq dissertasiya işini Bakı Dövlət Universitetinin nəzdindəki D 02.011 Dissertasiya Şurasında müvəffəqiyyətlə müdafiə etmişdir.

2005-ci ildən Aşqarlar Kimyası İnstitutunun “Aşqarlarin sintezi və təsir mexanizminin nəzəri əsasları” laboratoriyasında kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi vəzifələrində işləmişdir. 2017-ci ildən isə aparıcı elmi işçi vəzifəsində çalışır. Həmçinin, 2013-cü ildən Aşqarlar Kimyası İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədridir.

2014-2015-ci illərdə Türkiyənin Orta Doğu Texnik, Hacetepe, İstanbul Texniki və Atatürk universitetlərində təcrübə keçib. Hazırda ABŞ Buffalo Universiteti əməkdaşları ilə nəzəri kimyanın kompüter kimyasına tətbiqi, Türkiyə, İtaliya və Belarus alimləri ilə canlı orqanizmdə baş verən patoloji hallara qarşı antioksidant, karbon anhidraz I, II izoenzimlər üzrə inhibitorların sintezi və tədqiqi ilə bağlı müştərək beynəlxalq tədqiqatlar aparır.

2013-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişaf Fondunun, 2014, 2018-ci illərdə isə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Elm Fondunun gənc alim və mütəxəssislər arasında keçirdiyi qrant müsabiqələrin qalibi olmuşdur. Həmin ildə əldə etdiyi elmi nailiyyətlərə görə, gənclər üçün “akademik Əli Quliyev mükafatı”na layiq görülmüşdür.

Ümumilikdə 71 elmi işi çap olunmuşdur, onlardan biri monoqrafiya, biri Azərbaycan Rerspublikası Patenti, 45 məqalə (6-ı tək müəllifli məqalə), qalanları tezisdir. Məqalələrin 30-u “Tomson Reuters” Agentliyinin Elmi İnformasiya İnstitutunun (İSİ) ISI Web of Knowledge axtarış sistemində referatlaşdırılmış, Azərbaycan Respublikası Prezidenti yanında Ali Atestasiya Komisiyasının da tövsiyə etdiyi yüksək resenziyalı xarici jurnallarda çap edilmişdir.

“Google Scholar Citations” və “ResearchGate” qlobal informasiya şəbəkələrindən götürülən məlumatlara görə, tədqiqat sahəm üzrə 23 elmi əsəri müxtəlif beynəlxalq elektron sistemlərinə daxil olmuş və onlara 273 istinad edilmişdir.

2016-cı ildən AMEA Aşqarlar Kimyası İnstitutunda magistratura pilləsində “Üzvi kimya” ixtisası üzrə təhsil alan magistrlərə “Zərif üzvi sintez” fənni üzrə mühazirə və laboratoriya dərslərini keçir, onların diplom işlərinə elmi rəhbərlik edir. Elmi rəhbərliyi altında 1 magistr müdafiə etmişdir. Hazırda 1 doktorant və 1 magistrin elmi rəhbəridir. Elmi rəhbəri oldugu Nizami rayonu 251-saylı məktəbin 10-cu sinif şagirdi Cavad Cəbrayılov 2018-ci ilin iyun ayında Türkiyədə keçirilən 38 xarici ölkədən 450 iştirakçının qatıldığı “OKSEF-2018” beynəlxalq layihə olimpiyadasında bürünc medal qazanmışdı.

PAYLAŞ