AMEA Aşqarlar Kimyası İnstitutunun Orta Doğu Texnik Universiteti ilə elmi əlaqələri genişlənir

407

AMEA-nın Akademik Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun fəlsəfə və elmlər doktoru hazırlığı üzrə doktorant və dissertantlarının Türkiyənin Orta Doğu Texnik Universitetinin Kimya Bölümündə ortamüddətli təcrübəkeçməsi mümkün olacaq. Bununla bağlı razılıq İnstitutun icraçı direktoru kimya elmləri doktoru, dosent Əfsun Sucayevin sözügedən Universitetdə keçirdiyi görüşlərdə əldə olunub.

İnstitutdan verilən məlumata görə Ə.Sucayev 23-30 dekabr 2021-ci il tarixlərdə Türkiyədə elmi ezamiyyətdədir. Səfərin əsas məqsədi AMEA Aşqarlar Kimyası İnstitutu ilə Türkiyənin Orta Doğu Texnik Universiteti arasında elmi əlaqələrin genişləndirilməsi – müştərək elmi layihələr, PhD, post-doktor hazırlığı, təcrübə mübadiləsi kimi məsələləri geniş müzakirə etməkdir.

Ə.Sucayev Orta Doğu Texnik Universiteti Kimya bölməsinin rəhbəri, professor Cihangir Tanyeli ilə görüşündə 2022-ci ildə bir doktorantın 3-6 ay müddətində  Üzvi kimya laboratoriyasında təcrübə keçməsi razılaşdırılıb. Tərəflər birgə aparılacaq tədqiqatın mövzusunu da müzakirə edərək təsdiqləyiblər. Səfər müddətində universitetin Kimya Bölümünün ən son cihaz və avadanlıqlarla təchiz olunmuş üzvi və fiziki-kimyəvi analitik kimya laboratoriya otaqları ilə tanış olublar.

PAYLAŞ