Aşqarlar Kimyası İnstitutunda “27 sentyabr – Anım Günü” qeyd olunub

41

VƏTƏN UĞRUNDA ŞƏHİDLİK ZİRVƏSİNƏ UCALANLAR, VƏTƏN, XALQ SİZİ HEÇ ZAMAN UNUTMAYACAQ!

 Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun (AKİ) Yeni Azərbaycan Partiyası (YAP) İlk Ərazi Təşkilatı, Azad Həmkarlar Təşkilatı və Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə “27 sentyabr – Anım Günü”nə həsr olunan “Vətən uğrunda şəhidlik zirvəsinə ucalanlar, vətən, xalq Sizi heç zaman unutmayacaq!” mövzusunda tədbir keçirilib.

Əvvəlcə Vətən uğrunda qəhrəmancasına həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət himninin səsləndirilib.

Tədbirdə giriş nitqi ilə institutun icraçı direktoru k.e.d., professor Əfsun Sucayev çıxış edib. O bildirib ki, 27 sentyabr müasir tariximizə qəhrəmanlıq və şərəfli gün kimi daxil olub: “Azərbaycan xalqının 30 illik Qarabağ həsrətinə 27 sentyabr 2020-ci il tarixində son qoyulub. Məhz həmin gün tarixi qələbəmizin başlanğıcı oldu və ardınca 19-20 sentyabr 2023-cü il tarixlərinə təsadüf edən bir günlük antiterror əməliyyatı ilə ərazi bütövlüyü tam bərpa olundu, həm de-yure, həm də de-fakto suveren bir ölkəyə çevrildik. “Müstəqillik və suverenlik elə bir nemətdir ki, onu istəyən, arzulayan millətə, xalqa elə-belə vermirlər. Bizim xalqımız məhz, qəhrəman igid oğul və qızları ilə öz qanları, canları hesabına torpaqlarımızı işğaldan azad etdilər, başqa sözlə qanlarını torpağa qarışdırıb, onun vətən etdilər. Müzəffər Ordumuzun bu gün yazdığı tarix sabah daha da güclü inkişaf edəcək, çiçəklənəcək Azərbaycan üçün möhkəm bünovrədir. Bu, eyni zamanda, regionda dayanıqlı və uzunmüddətli sülhü, əmin-amanlığı və təhlükəsizliyi təmin edən mühüm amildir”, deyə vurğulayıb.

Ə.Sucayev Aşqarlar Kimyası İnstitutunun I Qarabağ müharibəsində və 44 günlük Vətən müharibəsində  ordumuzun strateji məhsullarla təmin olunmasında da xüsusi xidmət göstərdiyini faktlarla qeyd edib.

Tədbirdə AKİ Həmkarlar Təşkilatının  sədri k.ü.f.d., dosent Elxan İsakov  “Vətən uğrunda şəhidlik zirvəsinə ucalanlar, vətən, xalq Sizi heç zaman unutmayacaq!” mövzusunda təqdimatla çıxış edib.

Sonda  İnstitutun qocaman alimi, aparıcı elmi işçi k.ü.f.d., dosent Nüsrət Əliyev və Mülki Müdafiə Qüvvələrinin rəisi Hüseyn Dünyamalıyev çıxış edərək “27 sentyabr – Anım Günü”nün əhəmiyyətini vurğulayıb və bu əlamətdar təqvim gününün şəhidlərimizin xatirəsinə böyük hörmətin əlaməti olmasını qeyd ediblər.

 

PAYLAŞ