Aşqarlar Kimyası İnstitutunda 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd edilib

162

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə əlaqədar tədbir keçirilib. İnstitutun baş direktoru akademik Vaqif Fərzəliyev bildirdi ki, Dünya Azərbaycanlılarının Həmrəylik Gününü ən yüksək səviyyədə bayram kimi qeyd etmək xalqımızın ictimai fikir tarixində əlamətdar bir hadisəyə çevrilmişdir: “Hər birimiz üçün əziz və doğma bayram olan Dünya Azərbaycanlılarının Həmrəylik Günü dünyanın müxtəlif qitələrində yaşayan soydaşlarımızın birliyinin yaradılması məqsədilə Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Onun təşəbbüsü ilə 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Milli Həmrəylik və Birlik Gününün təsis olunması barədə qərar qəbul etdi. Xatırlayırsınızsa, 2001-ci il noyabr ayının 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I qurultayı keçirildi. Qurultayda dərin məzmunlu nitq söyləyən ulu öndər Heydər Əliyev dünya azərbaycanlılarının milli birliyinin və həmrəyliyinin təmin edilməsi, Azərbaycan dövləti və dünya azərbaycanlılarının əlaqələrinin möhkəmləndirilməsi, qarşıya çıxan problemlərin həllində səylərin birləşdirilməsi zərurəti, o cümlədən, ana dilinin, milli-mənəvi dəyərlərin qorunub saxlanılması, inkişaf etdirilməsi haqqında fikirlərini bildirdi. “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bugündə fəxr edirəm ki, mən azərbaycanlıyam!”- müdrik rəhbərin bu kəlamları hər bir həmvətənlərimiz üçün milli qürur rəmzinə çevrilmişdir”.

V.Fərzəliyev qeyd etdi ki, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün təsis edilməsi həm də müxtəlif ölkələrdə yaşayan həmvətənlərimiz arasında siyasi-iqtisadi, elmi və mədəni münasibətlərin genişlənməsinə imkan yaratmışdır.

Baş direktor elm adamları alimlərin də bundan sonra həmrəy olub ölkəmizin elminin daha da inkişaf etməsi yolunda ciddi cəhdlə çalışmalı olduğunun dedi.

Tədbirdə çıxış edən İnstitutun icraçı direktoru kimya elmləri doktoru Əfsun Sucayev vurğuladı ki, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün 31 dekabrda qeyd edilməsinin böyük bir mənası vardır: “Ümummilli lider bayramın məhz bu tarixə rəsmiləşdirilməsi ilə bir növ Yeni ilə milli çalarlar gətirmiş oldu. Çünki əgər milli həmrəyliyimizin kökləri 1988-ci ilin noyabrında baş vermiş meydan hərəkatına gedib çıxırsa, Dünya Azərbaycanlıların I Qurultayı da 9-10 noyabr tarixlərində keçirilibsə, prinsipcə Həmrəylik Günü də həmin ay qeyd oluna bilərdi. Lakin dahi şəxsiyyət Həmrəylik Günü kimi məhz, 31 dekabr tarixini seçməsi xalqımız üçün Dünya Azərbaycanlıların Həmrəylik Gününün Yeni ildən daha əhəmiyyətli olduğunu bəyan etmiş oldu. Onsuz da xalqımız üçün təzə ilin müşjdəçisi olan 21 mart – Novruz Bayramı daha təmtəraqlı keçirilir”.

Ə.Sucayev bildirdi ki, 44 günlük Vətən Müharibəsində dünya azərbaycanlıları həmrəyliyin ən gözəl nümunəsini nümayiş etdirdilər və göstərdilər ki, dünyada ikinci belə bir millət yoxdur ki, xalq-ordu-Ali Baş Komandanla bu formada birlik yarada bilsinlər: “Bu gün də birliyimiz başqa formada davam edir. Çünki xalqımızın ali məqsədləri var. Ona çatmaq üçün, mütləq şəkildə daha da böyük həmrəyliyə ehtiyacımız var”.

İnstitut Gənc Alim və Mütəxəssislər Şurasının sədri Günya İsmayılova “Dünya Azərbaycanlıların Həmrəylik Günü”nə həsr olunan maraqlı təqdimatla çıxış etdi

 

PAYLAŞ