ADNSU-nun IV kurs tələbələri Aşqarlar Kimyası İnstitutunda istehsalat təcrübəsinə başlayıblar

210

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) Kimya texnologiya fakültəsinin Kimya mühəndisliyi ixtisası üzrə bir qrup  IV kurs tələbələri Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Ə.Quliyev adına Aşqarlar  Kimyası  İnstitutunun (AKİ) müvafiq laboratoriyalarında 3 ay müddətinə istehsalat təcrübəsi keçəcəklər. Bununla əlaqədar 16 fevral 2023-cü il tarixdə İnstitutun akt zalında təcrübəçi tələblərlə görüş keçirilib.

Görüşdə Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru k.e.d., dosent Əfsun Sucayev institutun yaranma tarixi, elmi fəaliyyət istiqamətləri, əldə etdiyi mühüm nailiyyətləri, beynəlxalq əməkdaşlıq əlaqələri, yüksəkixtisaslı kadr hazırlığı haqqında geniş məlumat verib. Təcrübə keçəcək tələbələri institutun laboratoriyaları haqqında məlumatlandırıb və bildirib ki, tələbələr ayrı-ayrı qrup şəklində üç aylıq təcrübə müddətində institutun laboratoriyalarında cihaz və avadanlıqların iş prinsipləri, müasir fiziki-kimyəvi analiz üsulları ilə yaxından tanış olacaq, bəzi təcrübələri yaxından izləyəcəklər.

Tələbələr, eyni zamanda zərif üzvi sintez və aşqarlar kimyası sahəsində institut əməkdaşları tərəfindən prioritet istiqamətlər üzrə yerinə yetirilən və əldə olunan elmi tədqiqatın mühüm nəticələri ilə bağlı seminar məruzələrini dinləyəcəklər.

Sonda fəallığı ilə seçilən tələbələrə diplom və  sertifikatlar təqdim olunacaq.

 

 

 

PAYLAŞ