Aşqarlar Kimyası İnstitutunda aparılan fundamental tədqiqatların səmərəliliyi artırılacaq

47

05 sentyabr 2024-cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Aşqarlar Kimyası İnstitutunda (AKİ) Elmi Şuranın geniş tərkibdə iclası keçirilib.

İclası giriş nitqi ilə açan İnstitutun icraçı direktoru kimya elmləri doktoru, professor Əfsun Sucayev bildirib ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən elmi fəaliyyətə görə əlavə aylıq ödənişlər müəyyənləşdirilib: “Məqsəd elmi tədqiqat müəssisələrində aparılan tədqiqatların səmərəliliyini artırmaq və əldə olunan nəticələri məqalə şəklində dünyanın nüfuzlu jurnallarında çap etməyə həvəsləndirməkdir. Elmmetrik meyarlar üzrə fərqləndirilən və əlavə aylıq ödənişlər alan alimlər içərisində AKİ əməkdaşlarının olması sevindirici haldır. Lakin onların sayı cəmi 4 nəfərdir. Biz istəyirik ki, elmi fəaliyyəti fərqlənən və əlavə maliyyələşən alimlərimizin sayı bütün elmi işçilərimizi əhatə etsin”.

Ə.Sucayev qeyd etdi ki, bundan sonra ayrı-ayrı laboratoriyalarda yerinə yetirilən elmi tədqiqatların keyfiyyət göstəricilərini yüksəltmək üçün prioritet istiqamətlərə önəm verilməli və fundameltal nəticələr maksimum “Web of Science” və “Scopus” bazalarına daxil olan jurnallarda dərc olunmalıdır: “Bunun üçün multidissiplinar mövzularda və beynəlxalq tədqiqat qrupları ilə birgə araşdırmalara üstünlük vermək lazımdır”.

O, İnstitutda istər fundamental, istərsə də tətbiqi sahədə indiyə qədər mühüm elmi nəticələr əldə olunduğunu, amma onların daha da genişləndirilməsinin zəruriliyini vurğulayıb.

O, İnstitutda işə davamiyyət məsələrinə nəzarət tədbirlərin artırılacağını qeyd edib və işçilərin gündəlik fəaliyyət planı üzrə müvafiq işlə təmin olunmasının zəruriliyini bildirib.

PAYLAŞ