Aşqarlar Kimyası İnstitutunda beynəlxalq elmi əlaqələrin genişləndirilməsi istiqamətində işlər aparılır

2

Aşqarlar Kimyası İnstitutunda beynəlxalq elmi əlaqələrin genişləndirilməsi sahəsində mütəmadi tədbirlər həyata keçirilir.

İnstitutunun alimləri Bakı Mühəndislik Universiteti və Rusiyanın müxtəlif elmi-tədqiqat mərkəzlərindən olan həmkarlar ilə beynəlxalq əməkdaşlıq çərçivəsində yeni Şiff əsasları sintez etmiş, struktur xüsusiyyətləri müfəssəl öyrənilmişdir. Tədqiqatın nəticələri impakt faktoru 4 olan Q1 klasifikasiyalı Journal Molecular Structure-də dərc olunmuşdur.

Belarusdan olan həmkarlar ilə uzun müddətdir ki, müştərək tədqiqatlar aparılır. İndiyə qədər AKİ-də zərif üzvi sintez üsullarından istifadə etməklə yeni sintez olunmuş birləşmələrin müxtəlif funksional xassələrini, onların təsir mexanizmini tədqiq etmək və quruluşları ilə səmərəliliyi arasında olan əlaqəyə əsasən perspektivli reagentlərin seçilməsinin elmi əsasları işlənilmiş, həmin birləşmələrin heyvanlar üzərində eksperimental modellərdə effektivliyi qiymətləndirilmiş, bioloji fəaliyyət spektrinin kompüter hesablamaları aparılmış, bu birləşmələrin standart dərmanlarla müqayisədə yüksək effektivliyə malik olduğu sübut olunmuşdur.

Aşqarlar Kimyası İnstitutu, Bakı Dövlət Universiteti və Bakı Mühəndislik Universitetinin bir qrup aparıcı aliminin Türkiyədən olan həmkarları ilə birlikdə apardıqları müştərək beynəlxalq səviyyəli tədqiqatların nəticələri dünyaca məşhur “Wiley” nəşriyyatının jurnalı olan “Chemistry and Biodiversity”də dərc olunub (https://onlinelibrary.wiley.com/doi/epdf/  10.1002/cbdv.202403048).

Bakı Dövlət Universitetinin Fizika Problemləri İnstitutu və ABŞ Cənubi Karolinanın Allan Universitetinin aparıcı alimləri ilə birlikdə kompüter kimyasının imkanlarından istifadə etməklə tiokarbamidin bəzi keçid metal komplekslərinin alınma reaksiyalarının DFT hesablamaları aparılmış, nəzəri olaraq ehtimal olunan optimal strukturlar müəyyənləşdirilmiş, sonra təcrübi olaraq təsdiq edilmişdir.

İnstitutda əvvəl sintez olunmuş bir sıra yeni oksiran və tiiranların  Türkiyənin Atatürk, Bartin Universitetlərinin alimləri ilə beynəlxalq əməkdaşlıq çərçivəsində müxtəlif metabolik fermentlərə, o cümlədən asetilxolinesteraza və karbon anhidraz izoenzimlərinə təsiri qiymətləndirilmişdir. Bu nəticələr sintez edilmiş birləşmələrin hədəf fermentlər üçün yüksək yaxınlıq və spesifiklik nümayiş etdirdiyini göstərir ki, bu da onların terapevtik agentlər kimi gələcək inkişaf potensialını müəyyən edir. Gələcək tədqiqatlar bu birləşmələrin selektivliyini və bioaktivliyini artırmaq üçün struktur xüsusiyyətlərinin optimallaşdırılmasına, farmakokinetik və farmakodinamik xüsusiyyətlərini qiymətləndirmək üçün   qiymətləndirmələrin aparılmasına və neyrodegenerativ və metabolik xəstəliklərin müalicəsində potensial tətbiqlərinin araşdırılmasına yönəldiləcək.

Səudiyyə Ərəbistanın Kral Səid Universitetinin əməkdaşları ilə “Neyrodegenerativ xəstəliklərdə terapevtik potensiala malik inhibitorların yaradılması” mövzusunda birgə  tədqiqat qrupu yaradılıb. Tədqiqat qrupunun Səudiyyə Ərəbistanı tərəfdən rəhbəri Saleh Alvasel ilə müştərək beynəlxalq tədqiqat çərçivəsində bu il ərzində “Asetofenona əsaslanan yeni xalkon,  semikarbazon, tiosemikarbazon və indolon törəmələrinin sintezi və bioloji tədqiqatları: struktur-fəaliyyət əlaqəsi, molekulyar birləşmə, molekulyar dinamika və kinetik tədqiqatlar” mövzusunda aparılan beynəlxalq səviyyəli müştərək tədqiqatlar zamanı mühüm nəticələr əldə olunmuşdur.

Bu mühüm nəticələr “Web of Science” bazasında arxivləşdirilən Q2 kateqoriyalı impakt faktoru 4.0 olan dünyaca məşhur “Elsevier” nəşriyyatının  “Journal Molecular Structure” jurnalında müfəssəl araşdırma məqaləsi kimi dərc olunmuşdur. https://www.sciencedirect.com/science/article/pii/S0022286024027066.

 

 

 

PAYLAŞ