Aşqarlar Kimyası İnstitutunda “Dissertasiya işlərinin tərtibi və müdafiəsində yeniliklər” mövzusunda maarifləndirmə seminarı keçirilib

382

Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda magistr, doktorant və dissertantlar üçün növbəti maarifləndirmə seminarı keçirilib. “Dissertasiya işlərinin tərtibi və müdafiəsində yeniliklər” mövzusunda təqdimatla çıxış edən İnstitutun icraçı direktoru Əfsun Sucayev bilidrib ki, bu mövzunu müzakirə etməyin məqsədi bu istiqamətdə AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının mövcud qanunvericilik təlimatları əsasında iddiaçılara müəyyən tövsiyələr vermək, onları maraqlandıran suallara cavab tapmaqdır. O qeyd etdi ki, müdafiəyə təqdim olunan istənilən elmi iş fundamental nəzəri işdirsə ya dünya elminə və ya dar çərçivədə aid olduğu elmi istiqamətin inkişafına, tətbiqi və tətbiqyönlü işdirsə ölkə iqtisadiyyatının inkişafına töhfə verməlidir: “Ona görə də doktorant və ya dissertanta mövzu verilərkən bu prinsiplər nəzərə alınmalıdır”.

Ə.Sucayev bildirdi ki, dəqiq və təbiət elmlərində, xüsusən də kimya sahəsində nəticəni əvvəlcədən proqnozlaşdırmaq çətin olduğu üçün müvafiq elmi dərəcəyə iddiaçılar dissertasiya mövzusunu Problem Şurasında təsdiq etməyə tələsməməli, elmi tədqiqatı müəyyyən səviyyədə yerinə yetirib, bu haqda müəyyən nəticələr əldə etdikdən sonra dissertasiya mövzusunu formalaşdırıb, təsdiq etdirə bilərlər.

O vurğuladı ki, müşahidələrə görə dissertasiya işləri yazılarkən məqsəd, vəzifə, müddəa, nəticələr aydın başa düşülmür: “Məqsəd qısa konkret, başa düşülən, işin məzmununa uyğun olmalıdır, vəzifə isə həmin məqsədə çatmaq üçün müəyyənləşdirilmiş yollardır. Vəzifəni müdafiə olunan müddəa kimi təqdim etmək olmaz”.

Ə.Sucayev doktorluq minimum imtahanları, dissertasiya, avtoreferatların tərtibi, müdafiəsi, dissertasiya işinin nəticələrinin dərc olunması qaydaları və s. haqqında konkret nümunələr əsasında geniş məlumat verdi və auditoriyanın ünvanlandırdığı sualları cavablandırdı.

PAYLAŞ