Aşqarlar Kimyası İnstitutunda doktorant və dissertantların attestasiyası keçirilib

129

Bu gün Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib. İnstitutun baş direktoru, akademik Vaqif Fərzəliyev öncə gündəlikdə olan məsələlər haqqında məlumat verib.

Daha sonra “Üzvi kimya” və “Neft kimya” ixtisasları üzrə təhsil alan və elmi tədqiqatla məşğul olan elmlər və fəlsəfə doktorluğu hazırlığı üzrə əyani, qiyabi doktorant və dissertantların attestasiyası keçirilib.

İnstitutun baş direktoru, akademik Vaqif Fərzəliyev bildirib ki, hər bir elmi tədqiqat müəssisəsinin əsas funksiyalarından biri də yüksək ixtisaslı kadr – elmlər və fəlsəfə doktoru hazırlığıdır.  Ona görə elmi fəaliyyətini doktorantura və dissertanturada davam etdirən hər bir elmi mütəxəssis elmi işini yüksək səviyyədə yerinə yetirib müvafiq elmi dərəcə qazanmaqla, təhsil aldığı və ya çalışdığı elmi müəssisənin elmi göstəricilərini yaxşılaşdırır, bütövlükdə isə ölkəyə və cəmiyyətə töhvə vermiş olur. Ona görə elmi rəhbərlər istər dissertasiya mövzularının seçilməsində, istərsə də doktorant və dissertantın gələcəyin yüksək səviyyəli alimi, elmi mütəxəssisi kimi formalaşmasına məsuliyyətlə yanaşmalı, dünya elminin müasir çağırışlarını, elmi tədqiqatların multidissiplinarlığını nəzərə almalıdırlar.

Attestasiyada hər bir doktorant və dissertantın 2023-cü ildə gördükləri elmi işlərin qısa təqdimatı dinlənilib, onların konfranslarda iştirakı, nəşr olunan elmi əsərləri müzakirə edilib, suallar cavablandırılıb, həmçinin Attestasiya Komissiyası üzvlərinin təklif və tövsiyələri dinlənilib.

Attestasiya Komissiyasının qərarı ilə fərdi iş planlarında nəzərdə tutulan işləri tam həcmdə yerinə yetirildiyindən doktorantların növbəti tədris ilində təhsillərini davam etdirməsi tövsiyə olunub.

İclasda həmçinin təhsilini başa vuran, lakin hələ müdafiə etməyən sabiq doktorant və dissertantların üzləşdiyi problemlərlə maraqlanıb, prosesin sürətlənməsi üçün tövsiyələr verilib.

PAYLAŞ