Aşqarlar Kimyası İnstitutunda gənc kadrlara önəm verilir

272

11 iyun 2023-cü il tarixdə AR Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib. İclasda İnstitutun “Üzvi birləşmələrin və kompozisiyaların analizi və fiziki-kimyəvi tədqiqi” laboratoriyasının vakant elan edilən böyük elmi işçi vəzifəsinə seçkilər keçirilib. Bu vəzifəyə İnstitutun elmi işçisi Hüseynova Mənsurə Teyfur qızının namizədliyi irəli sürülüb.

İnstitutun baş direktoru, akademik Vaqif Fərzəliyev namizəd haqqında məlumat verərək, Mənsurə Hüseynovanın böyük elmi potensialının olduğunu, bu il  “Neft kimyası” ixtisasından kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi Karboksil və merkapto qrup saxlayan liqandlarla keçid elementlərinin komplekslərinin sintezi və aşqar kimi tədqiqi mövzusunda dissertasiya işini uğurla müdafiə etdiyini və kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görüldüyünü vurğulayıb.

O, Mənsurə Hüseynovanın yüksək ixtisaslı kadr kimi yetişdiyini və fəaliyyəti ilə çalışdığı laboratoriyaya böyük fayda gətirdiyini bildirib.

Sonda Elmi Şura üzvlərinin gizli səsverməsinin yekun nəticələrinə görə, M.Hüseynova “Üzvi birləşmələrin və kompozisiyaların analizi və fiziki-kimyəvi tədqiqi” laboratoriyasında böyük elmi işçi vəzifəsinə təsdiq edilib.

İnstitut rəhbərliyi və Elmi Şura üzvlərinə təşəkkür edən M.Hüseynova ona göstərilən böyük ehtimadı doğruldacağını ifadə edib.

PAYLAŞ