Aşqarlar Kimyası İnstitutunun Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki yığıncağı keçirilib

56

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda Həmkarlar İttifaqı Təşkilatının 2017-2023-cü illəri əhatə edən hesabat-seçki yığıncağı keçirilib. İclasda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Elmi Təşkilatların Birləşmiş Həmkarlar İttifaqının üzvü Arif Əfəndi iştirak edib.

Dövlət himninin səsləndirilməsi ilə başlanılan tədbiri giriş sözü ilə açan iclasın sədri a.e.i. Nüsrət Əliyev  gündəlikdə duran məsələlər haqqında məlumat verib.

Sonra İnstitutun Həmkarlar Təşkilatının sədri kimya üzrə fəlsəfə doktoru, dosent Elxan İsakov hesabat dövrü ərzində institut əməkdaşlarının əmək haqlarından toplanan məbləğin xərclənməsi haqqında, əməkdaşlar tərəfindən istifadə olunan göndərişlər, müalicə məqsədilə müraciət edən əməkdaşlar və onlara göstərilən maddi yardımın məbləği, onların nahar fasiləsi və digər asudə vaxtlarının səmərəli keçirilməsi üçün alınan idman avadanlıqlarına sərf olunan vəsaiti, hər il əməkdaşlara verilən “Novruz bayramı” və “Yeni il” şənliklərinə, eləcə də teatrlara verilən biletlər, bayramlarla əlaqədar əməkdaşlara ayrılan ərzaq yardımları, eyni zamanda II Qarabağ müharibəsinə dəstək proqramı çərçivəsində “YAŞAT” fonduna köçürülən vəsait, 2023-cü ildə Türkiyədə baş verən zəlzələdən zərərçəkmiş insanlara edilən yardım haqqında geniş məlumat verib.

Sonra o, Həmkarlar Təşkilatının da dəstək verdiyi İnstitutda fəaliyyət göstərən müxtəlif ictimai qurumların hər il keçirdiyi respublika əhəmiyyətli anım, ildönümü və milli bayramlara həsr olunmuş tədbirlərdən danışıb.

Daha sonra çıxış edən İnstitutun baş direktoru akademik  Vaqif Fərzəliyev bildirib ki, kollektiv Həmkarlar İttifaqı Təşkilatının sədri Elxan İsakovun 2017-2023-cü illər ərzindəki fəaliyyəti müsbət qiymətləndirir və qənaətbəxş hesab edir.

İclasda çıxış edən İnstitutun elmi katibi k.ü.f.d. Mehparə Səfərova və  Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Elmi Təşkilatların Birləşmiş Həmkarlar İttifaqının üzvü Arif Əfəndi öz fikirlərini bölüşüb və təkliflərini bildiriblər.

Sonda səsvermə yolu ilə k.ü.f.d., dosent Elxan İsakov Aşqarlar Kimyası İnstitutunun  Həmkarlar İttifaqı Komitəsinə yenidən sədr seçilib.

İclasda Aşqarlar Kimyası İnstitutunun  Həmkarlar İttifaqı Komitəsinin, Təftiş komissiyasının yeni tərkibi formalaşdırılıb və ARETN Elmi Təşkilatların Birləşmiş Həmkarlar İttifaqı konfransına nümayəndələr seçilib.

 

PAYLAŞ