Aşqarlar Kimyası İnstitutunda kimya üzrə fəlsəfə doktoru dissertasiya işinin ilkin müzakirəsi keçirilib

230

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda Elmi şuranın geniş tərkibdə iclası keçirilib. Gündəlikdə olan məsələ İnstitutun “Triboloji xassələrə malik üzvi birləşmələr” laboratoriyasının elmi işçisi, sabiq dissertant Günay Gəray qızı Mustafayevanın “Tiokarbon, tiosianat turşuları və qliserin törəmələrinin əsasında yeni üzvi maddələrin sintezi və sürtkü yağlarına aşqar kimi tədqiqi” mövzusunda kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işinin ilkin müzakirəsi ilə bağlı olub.

Laboratoriya müdiri kimya üzrə elmlər doktoru, professor Pərvin Məmmədovanın sədrliyi ilə keçirilən müzakirədə iddiaçı G.Mustafayeva mövzu ilə əlaqədar əldə etdiyi və mühüm elmi yenilikləri, sintez etdiyi 29 yeni maddənin fundamental elmi və tətbiqyönlü əhəmiyyətə malik olması və aparılmış tədqiqatlar nəticəsində üzvi kimyanın az öyrənilmiş bir sahəsi olan ditiolların fiziki-kimyəvi xassələri, onların yağlayıcılıq xassələrinin öyrənilməsi istiqamətində apardığı müfəssəl tədqiqatlar və onların aşqar kimi tədqiqi ilə bağlı geniş məlumat verib, çoxsaylı sualları cavablandırıb.

G.Mustafayeva bildirib ki, dissertasiya mövzusu üzrə apardığı tədqiqatlar zamanı əldə olunan mühüm elmi, nəzəri və praktik yeniliklərlə bağlı 35 elmi əsəri dərc olunub ki, onların 6-ı xarici jurnallarda, qalanlar respublika əhəmiyyətli jurnallarda məqalə, konfranslar materialları-tezis və 5 patentdən ibarətdir.

Müzakirə zamanı rəyçilər – k.ü.f.d., S.Osmanova və  k.ü.f.d. M.Hüseynova işin aktuallığını, müasirliyini, vacibliyini vurğulayıb, mövzu ilə bağlı rast gəldikləri irad və təkliflərini səsləndiriblər.

İddiaçının çalışdığı laboratoriya müdiri k.ü.e.d. A.Məmmədova və aparıcı elmi işçi k.ü.f.d. N.Novotorjina şəxsi keyfiyyətləri haqqında məlumat verərək, onun çox çalışqan və istedadlı olduğunu diqqətə çatıdırıb və nümayiş etdirdiyi bilik səviyyəsinin müvafiq elmi dərəcə almağa imkan verdiyini bildiriblər.

Elmi Şuraının üzvlərindən M.Səfərova, H.Cavadova, P.Məmmədova, X.Əfəndiyeva, C.Həmidova dissertasiya işi,  məruzə ətrafında rəy və tövsiyələrini bildiriblər.

Sonda müzakirənin yekunu olaraq Elmi Şura üzvləri açıq səsvermə ilə dissertasiya işini əsas Müdafiə Şurasında müdafiə olunmasını tövsiyə ediblər.

 

 

 

 

PAYLAŞ