Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda kimya üzrə “Nobel mükafatına layiq görülən son kəşf və ixtiraların dünya elminə verdiyi töhfələr” mövzusunda seminar keçirilib.
Giriş nitqi ilə seminarın gündəliyi haqqında məlumat verən İnstitutun icraçı direktoru kimya elmləri doktoru Əfsun Sucayev bildirib ki, gənc alim və mütəxəssislərin bu mövzülarda maarifləndirilməsi onların elmə olan marağının artırılmasında həlledici amildir. O, xüsusən müsəlman Nobel mükafatı laureatları (türk əsilli kimyaçı Əziz Səncər, Misirli kimyaçı Əhməd Zevayl və Pakistanlı fizik Əbdus Salam) haqqında məlümumat verərək, onların həyat fəaliyyəti və elmi nailiyyətləri ilə bağlı oxuduğu, eşitdiyi maraqlı faktları tədbir iştirakçıları ilə bölüşüb.
Sonra İnstitutun “Müxtəlif funksiyalı polimer birləşmələr” laboratoriyasının aparıcı elmi işçisi, dosent Ceyhun Həmidova mövzu üzrə geniş təqdimatla çıxış edib. O, Nobel mükafatının təsis edilməsindən, Nobel mükafatı alan laureatların siyahısında olan kimyaçı alimlər haqqında dolğun məlumatlar verib və vurğulayıb ki, dünyanın ən ali elmi mükafatlarından sayılan Nobel hər il müxtəlif nominasiyalar üzrə təqdim edilir.
Məruzəçi qeyd edib ki, ölkəmizdən bu mükafata namizəd göstərilənlər olsa da, obyektiv və ya subyektiv səbəblərdən onların elmi nailiyyətləri Nobel mükafatına layiq görülməyib: “Yalnız Azərbaycanlı alim Bəxtiyar Siracov 2005-ci ildə AEBA-da çalışan bütün digər əməkdaşlarla bərabər Nobel Sülh Mükafatını alanlar sırasındadır. Belə ki, həmin ildə Norveç Sülh Komitəsinin qərarı ilə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik və onun Baş Direktoru Mohamed ElBaradei Nobel Sülh mükafatına layiq görülürlər. Mükafat Atom Enerjisi üzrə Beynəlxalq Agentliyk və Mohamed ElBaradei arasında, onların nüvə enerjisinin hərbi məqsədlərlə istifadəsinin qarşısının alınmasında və nüvə enerjisinin sülh məqsədləri ilə mümkün olan ən təhlükəsiz şəkildə istifadəsinin təminatında göstərdiyi səylərinə görə, iki bərabər hissədə paylaşılmışdır”.
C.Həmidova bildirib ki, bir də Nobel mükafatı alan bakılı alim yəhudi əsilli Lev Landau olub. O, 1962-ci ildə fizika sahəsində Nobel mükafatına layiq görülüb: “Ancaq Azərbaycan oftalmologiyasının ən layiqli nümayəndələrindən biri əməkdar elm xadimi, professor Sona xanım Vəlixan da Nobel mükafatına layiq elmi nailiyyətə imza atıb. O, tibb elmləri doktoru elmi dərəcəsinə layiq olan ilk Azərbaycan qadını olmuşdur. Elmi işinin dərinliyinin və dəyərinin təsdiqi 1931-ci ildə «Endoftalmitin patoloji anatomiyasına dair» məqaləsi ilə Nobel Komitəsinin diqqətinin özünə cəlb etməsi olmuşdur. Lakin təəssüflər olsun ki, İkinci dünya müharibəsinin başlanması səbəbindən onun elmi işi müvəffəqiyyət qazanmayıb”.
C.Həmidova mövzu haqqında əməkdaşları maraqlandıran suallara cavab verib.