Aşqarlar Kimyası İnstitutunda təcrübə keçən tələbələr akademik elmi tədqiqatlara cəlb olunublar

76

Bu ildən etibarən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Ə.Quliyev adına Aşqarlar Kimyası  İnstitutunda (AKİ) tələbələrin istehsalat təcrübəsinin təşkilində bir sıra yeniliklər tətbiq edilir. Belə ki, İnstitutun müvafiq laboratoriyalarında istehsalat təcrübəsi keçən Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin IV kurs tələbələri akademik elmi tədqiqatlara cəlb olunublar. Məqsəd elmə maraq göstərən istedadlı tələbələrin elmə istiqamətlənməsini indidən təşviq etməkdir. Ayrı-ayrı laboratoriyalarda İnstitutun aparıcı alimlərinin elmi rəhbərliyi ilə tələbələr konkret mövzular üzrə fundamental və praktikyönlü tədqiqatlar aparırlar və hazırda əldə edilən mühüm nəticələr patentləşdirilir, müştərək məqalələr hazırlanır.

Artıq təcrübəçi tələbələr təcrübə keçdikləri laboratoriyalarda apardıqları tədqiqatın mövzusunda təqdimat hazırlayaraq konfranslara da qatılırlar. Belə tələbələrdən biri – BDU-nun Kimya fakültəsinin IV kürs tələbəsi Fərid İsmayıllı 22-23 may 2024-cü il tarixində Bakı Dövlət Universitetində keçirilən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş doktorant, magistr və gənc tədqiqatçıların “Kimya və Kimya texnologiyası” III Respublika elmi konfransında iştirak etmiş və bölmə iclasında “p-fenolsulfoizopropilksantogenat oksidləşməyə  qarşi  aşqar  kimi” mövzusunda geniş təqdimatla çıxış etmişdir.

Onun çıxışı böyük maraqla qarşılanmışdır.

 

PAYLAŞ