Aşqarlar Kimyası İnstitutunda tələbələr üçün maarifləndirici seminar keçirilib

205

30 mart 2023-cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda istehsalat təcrübəsi keçən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Kimya mühəndisliyi” ixtisası üzrə bir qrup IV kurs tələbələri üçün maarifləndirmə seminarı keçirilib.

Giriş nitqi ilə seminarın gündəliyi haqqında məlumat verən İnstitutun icraçı direktoru, kimya elmləri doktoru Əfsun Sucayev bildirdi ki, təcrübə keçən universitet tələbələrinə ayrı-ayrı laboratoriyalarda aktual mövzularda aparılan tədqiqatların nəticələri ilə tanış etmək nöqteyi-nəzərdən belə seminarların böyük əhəmiyyəti var. Bu həm də tələbələri elmə maraq yaratmaqla, düzgün istiqamətləndirir.

Ə.Sucayev qeyd etdi ki, hər bir laboratoriya orada təcrübi vərdişlər qazanan tələbələrə həm də həmin sahədə elmi tədqiqatlar aparmış Azərbaycanın tanınmış alimləri haqqında geniş məlumatlar vermək lazımdır ki, yetişən gənclik görkəmli elm adamlarını tanısınlar.

Sonra “Alkilfenol əsasında çoxfunksiyalı üzvi birləşmələr” laboratoriyasının aparıcı elmi işçisi, kimya üzrə fəlsəfə doktoru, dosent Əli Qədirov “Mürəkkəb efir əsasında sintetik aviasiya yağları, antioksidləşdirici aşqarlar və onların mexanizmi” mövzusunda geniş təqdimatla çıxış etdi.

O, sintetik yağlara yüksək temperatura davamlı oksidləşmə inhibitorlarının yaradılması, bu məqsədə nail olmaq üçün molekulun tərkibində azot, kükürd, bor, silisium atomları və müxtəlif funksional qruplar saxlayan, yüksək temperatura davamlı inhibitorların sintez metodlarınin işlənilməsi və onların təsir mexanizmi öyrənilməsindən, sintez edilmiş birləşmələr və əmtəə aşqarlarının tətbiqi ilə qazturbin mühərrikləri üçün sintetik efir yağları əsasında yüksək temperaturlara (200-240 ºC) davamlı sürtkü kompozisiyalarının hazırlanması haqqında  dünyada, Azərbaycanda, o cümlədən çalışdığı laboratoriyada yerinə yetirilən işlər, əldə olunan mühüm elmi nəticələr, bu istiqamətdə tanınmış alimlərimiz haqqında səlis məlumat verdi və çoxsaylı sualları cavablandırdı.

PAYLAŞ