Aşqarlar Kimyası İnstitutunda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş elmi müsabiqənin qalibləri mükafatlandırılıb

176

Bu gün Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun Yeni Azərbaycan Partiyası Ərazi Təşkilatı və Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan gənc alim və mütəxəssislər arasında “Ən yaxşı elmi məruzə” müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

Əvvəlcə İnstitutun foyesində “Heydər Əliyev guşəsi” qarşısına tər çiçəklər qoyulub. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndərin və Azərbaycan ərazi bötüvlüyü uğurunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbir iştirakçıları Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən qısametrajlı filmi izləyiblər.

Tədbirdə Aşqarlar Kimyası İnstitutunun baş direktoru akademik Vaqif Fərzəliyev giriş nitqi ilə çıxış edib. O, Ümummilli Liderin keçmiş SSRİ dövründə respublikaya rəhbərlik etdiyi zamanı respublikamızı durğunluq vəziyyətindən çıxararaq, qabaqcıl respublikalar sırasına daxil etməsindən danışıb. Akademik bildirib ki, tarixi şəxsiyyətin ikinci hakimiyyəti dövründə ölkəmiz 90-cı illərin əvvəllərində yenidən müstəqilliyini itirmək təhlükəsindən xilas olunub, düşdüyü siyasi və iqtisadi böhrandan qurtulub: “1993-cü ildə Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə respublikamızın ən çətin vaxtında hakimiyyətə qayıtdı, yenicə müstəqillik qazanmış, amma kövrək olan bir dövləti tənəzzüldən tərəqqiyə apardı və bununla da ölkədə ictimai-siyasi sabitlik, iqtisadi inkişaf, ordu quruculuğu təşəkkül tapdı. Daha sonra onun layiqli davamçısı cənab İlham Əliyev 44 günlük Vətən Müharibəsi ilə şahidlərimizin, qazilərimizin canı-qanı bahasına erməni işğalına son qoydu və xalqımıza qələbə sevinci yaşatdı”.

O, Ümummilli Lider Heydər Əliyevin ölkə həyatının bütün sahələrinə, o cümlədən elmə, təhsilə və mədəniyyətə böyük diqqət yetirdiyini, gənclərə hər bir sahədə böyük dəstək verdiyini söyləyib. Bunun nəticəsidir ki, son illərdə gənclərin elmi-ictimai, siyasi fəallığı güclənib.

Sonra tədbirdə iştirak edən Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Bəxtiyar İslamov çıxış edərək bildirib ki, Ulu Öndər Heydər Əliyev kimi dünya miqyaslı görkəmli dövlət xadimi, tarixi şəxsiyyətin məhz Azərbaycan xalqının qismətinə düşməsi böyük iftixar hissidir. Heydər Əliyevin xarici siyasəti müstəqil Azərbaycanı yaşatmaq, onu hərtərəfli inkişaf etdirmək, problemlərimizi həll etmək, xalqımızın dünya xalqları birliyində özünəlayiq yer tutmasına nail olmaq məqsədi daşıyıb.

O qeyd edib ki, Azərbaycanda gənclər siyasətinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub: “Ulu Öndər Azərbaycan gəncliyi qarşısında bir sıra mühüm vəzifələr qoymuşdu. Elə bugünkü sağlam gəncliyimizin formalaşmasında da bu vəzifələrin müstəsna rolu var. Cənab prezident İlham Əliyev tərəfindən hər zaman gənclərin fəaliyyətinə yüksək diqqətin göstərilməsi, həyata keçirilən dövlət proqramları, yaradılan infrastruktur birbaşa olaraq ölkə başçısı tərəfindən gənclərə olan həssas münasibəti ehtiva edir. Əlbəttə ki, Azərbaycan gəncliyi də bu yüksək diqqətə layiq olmaq üçün fəaliyyətini daha da genişləndirməli, atdığı hər addımda ölkə maraqlarını düşünməli, dövlətçilik prinsiplərini özünün fəaliyyətində ən ali səviyyədə əks etdirməlidir. Bu, bir vətəndaşlıq məsuliyyəti və borcudur”.

Daha sonra YAP İdarə Heyətinin üzvü, Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru, kimya elmləri doktoru Əfsun Sucayev çıxış edərək qeyd edib ki, vətəni, xalqı qarşısında misilsiz xidmətlərinə görə bu gün Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ölkəmizin hər yerində və onun hüdudlarından kənarda hər bir azərbaycanlının yüksək ehtiramı və dərin minnətdarlıq hissi ilə geniş qeyd olunur. O, Heydər Əliyevin keçdiyi böyük, mənalı və şərəfli həyat yolundan və fəaliyyətində doğma xalqına bağlılıq və təəssübkeşlik hisslərindən danışıb.

Ə.Sucayev İnstitutda çalışan gənc alim və mütəxəssisləri daha yüksək səviyyəli elmi tədqiqatlara həvəsləndirmək üçün keçirilən belə müsabiqələrin artıq 10 ildir ki, ənənəvi hal aldığını və hər il Ümummilli Liderin anadan olduğu tarixə həsr edildiyini söyləyib. O, bu cür müsabiqələrin gənc tədqiqatçıların elmi məruzə etmək və məqalə yazmaq vərdişlərinə yiyələnmələrində mühüm rol oynadığını bildirib.

Daha sonra institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Günay İsmayılova çıxış edərək namizədlərin seçimi zamanı mövzunun aktuallığı, əldə olunan nəticələrin elmi və praktikliyi, məruzəçinin sualları cavablandırma səviyyəsi və mövzu ilə əlaqədar dərc etdirdiyi elmi əsərlər kimi meyarların əsas götürüldüyünü bildirib. O, “Ən yaxşı elmi məruzə” müsabiqəsinin qaliblərinin seçimi zamanı ekspert dəyərləndirməsinin şəffaf aparıldığını vurğulayıb.

Beləliklə, Ekspertlər Komissiyasının qərarı ilə institutun kiçik elmi işçisi, I kurs doktorant Nərgiz Məcidi müsabiqənin I, kiçik elmi işçi, II kurs doktorant  Lalə Əliyeva II, kiçik elmi işçi Mirəli İsakov isə III yerə və institutda istehsalat təcrübəsi keçən Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Sabah qruplarının tələbəsi Çinarə Zayıdova sertifikata layiq görülüblər.

Qaliblərə İnstitutun baş direktoru akademik Vaqif Fərzəliyev və YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov tərəfindən diplom və gül təqdim olunub.

Sonda xatirə şəkli çəkilib.

 

 

PAYLAŞ