Aşqarlar Kimyası İnstitutunun alimləri antidiyabetik dərman təsirinə malik fermentlərin selektiv inhibitorlarını sintez ediblər

126

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun aparıcı alimlərinin Türkiyənin Atatürk və Bartin Universitetindən olan həmkarları ilə ““Bəzi qlobal xəstəliklərlə əlaqəli metabolik fermentləri inhibə edən yeni nəsil inhibitorların müqayisəli təsiri” mövzusunda apardıqları beynəlxalq səviyyəli müştərək tədqiqatlarını getdikcə genişləndirirlər.

İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, əldə olunan mühüm nəticələr “Web of Science” bazasında arxivləşdirilən Q2 kateqoriyalı impakt faktoru 4.06 olan dünyaca məşhur “Elsevier” nəşriyyatının  “Journal Molecular Structure” jurnalında müfəssəl araşdırma məqaləsi kimi (Ibadullah Mahmudov, Beyim Ibrahimova, Parham Taslimi, Nastaran Sadeghian, Zeynep Karaoglan, Tugba Taskin-Tok, Yusif Abdullayev, Vagif Farzaliyev, Afsun Sujayev, Saleh H. Alwasel, Ilhami Gulcin, Synthesis, Characterization, Crystal Structure, Molecular Docking, and Biological Studies of Cu, Ni and Co Metal Complexes of Pyrazole, Journal of Molecular Structure (2024), doi: https://doi.org/10.1016/j.molstruc.2024.138205) dərc olunub.

Məlumatda qeyd edilir ki, məqalə pirazol əsasında yeni metal komplekslərin sintezi və onların bioloji tədqiqinə həsr olunub. Molekulyar dokinq çalışmaları nəticəsində məlum olmuşdur ki, bu yeni komplekslərdən ibarət enzim-izoenzim inhibitorları klinik diabetin müalicəsində antidiyabetik dərman təsirinə malik fermentlərin selektiv inhibitorlarıdır.

PAYLAŞ