Aşqarlar Kimyası İnstitutunun alimlərinin Portuqaliyanın Lissabon Universitetindən olan həmkarları ilə birgə məqaləsi nüfuzlu jurnalda dərc olunub

193

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun alimlərinin Portuqaliyanın Lissabon Universiteti ilə elmi əlaqələri  genişlənməkdədir. Belə ki, İnstitutun elmi işçisi İbadulla Mahmudovun adıçəkilən Universitetdən olan həmkarları ilə beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirdikləri müştərək tədqiqatlar zamanı əldə olunan mühüm nəticələrlə bağlı növbəti məqaləsi “New Journal of Chemistry” adlı nüfuzlu xarici jurnalda dərc olunub (https://pubs.rsc.org/en/Content/ArticleLanding/2023/NJ/D3NJ01120H). Tədqiqat işi pirazol funksiyalı 1,3,5-triazopentadien ilə Co(II/III), Ni(II) və Cu(II) komplekslərinin sintezu, quruluşları və stirolun benzaldehidə oksidləşməsində tətbiqi imkanlarının araşdırılmasına həsr olunub. Tədqiqat nəticəsində yeni metal kompleksləri alınmış, onların rentgen quruluşu müfəssəl tədqiq edilmiş və bütün komplekslər stirolun benzaldehidə qədər peroksidləşdirici oksidləşməsi üçün katalizator kimi sınaqdan keçirilmişdir.

Kimyanın yeni istiqamətləri ilə bağlı dünya alimlərinin apardığı tədqiqatlar zamanı əldə edilən fundamental və təcrübi yenilikləri yayımlayan bu jurnal “Web of Science” bazasında arixləşmiş, impakt faktoru 3.925-ə bərabərdir.

Məlumat üçün bildirək ki, İ.Mahmudov Portuqaliyanın Lissabon Universitetində həmin elm mərkəzinin Azərbaycandan olan tanınmış alimləri k.e.d. Kamran Mahmudov və k.ü.f.d. Ataş Qurbanovun rəhbərliyi altında təcrübə keçib. İndiyə qədər o, pirazol, N-benzil-, N-allilanilin əsaslı fizioloji fəallığa malik birləşmələr və onların metal komplekslərinin sintezi, tədqiqi ilə bağlı elmi-təcrübi araşdırmalar aparıb. Əldə etdiyi nəticələrdən bəhs edən 3 məqalə impakt faktoru yüksək olan nüfuzlu xarici jurnalda çap olunub, 2 məqalə hazırda çapdadır.

 

PAYLAŞ