“Aşqarlar, sürtkü yağları, sürtkülər və xüsusi mayelər” Standartlaşdırma üzrə Texniki Komitənin onlayn formatda ilk toplantısı keçirilib

78

21 oktyabr 2021-ci il tarixində “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs tərəfindən AMEA-nın Aşqarlar Kimyası İnstitutu nəzdində yaradılan AZSTAND/TK 34 “Aşqarlar, sürtkü yağları, sürtkülər və xüsusi mayelər” Standartlaşdırma üzrə Texniki Komitənin videoformatda ilk iclası keçirilib. ZOOM platforması üzərindən təşkil olunan tədbirdə adı çəkilən Komitənin sədri, İnstitutun direktoru, akademik Vaqif Fərzəliyev giriş nitqi ilə çıxış edərək Komitənin üzvlərini təbrik etdi və işlərində uğurlar arzuladı. O bildirdi ki, AZSTAND/TK 34 adlı Texniki Komitənin yaradılmasında məqsəd Azərbaycanda istehsal olunan “Aşqarlar, sürtkü yağları, sürtkülər və xüsusi mayelər”ə tələb olunacaq standartların beynəlxalq standart səviyyəsində tərtib edilməsi və bu işlərin səmərələşdirilməsidir.

Akademik bildirib ki, Texniki Komitənin fəaliyyətinin əsas istiqamətlərinə standartlaşdırmanın inkişaf proqramı və illik işlərin planının, həmçinin standart layihələrinin, qüvvədə olan standartların yenidən baxılması, standartlara dəyişikliklərin hazırlanması, Texniki Komitənin hazırladığı standartlardan istifadə edən təşkilatlara, müəssisələrə, birliklərə elmi-metodik köməkliklərin göstərilməsi, standartların tətbiqinin analizi və effektiv istifadəsinin həyata keçirilməsi, mövzu üzrə kataloqların hazırlanması və buraxılmasının təşkili kimi məsələlərin həlli daxildir.

Vaqif Fərzəliyev vurğulayıb ki, Texniki Komitənin tərkibinə respublikada qeyd olunan sahədə tədqiqat, istehsalat və tətbiq ilə əlaqədar ümumilikdə 10 təşkilat üzrə nümayəndələr daxil edilib. “Hazırda 2021-ci il üçün təsdiq edilmiş Fəaliyyət Planına daxil edilmiş 9 dövlət standartının yoxlanılması işləri həyata keçirilir”, – deyə akademik söyləyib.

İclasda AMEA Aşqarlar Kimyası İnstitutunun, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, AMEA-nın Y.H. Məmmədəliyev adına Neft-Kimya prosesləri İnstitutunun, “Azərenerji” ASC-nin, H.Əliyev adına Neft Emalı Zavodunun, “Təcrübə Sənaye Zavodu” MMC-nin və “Technoil” MMC-nin nümayəndələri iştirak edirdilər. İclasda Texniki Komitənin üzvləri ilə tanışlıq, Komitənin fəaliyyəti və atılacaq addımlar haqqında müzakirələr aparıldı, habelə yeni üzvlərin qəbul edilməsi barədə səsvermə keçirildi.

PAYLAŞ