Azərbaycan kimya elminə ağır itki üz verib

117
Azərbaycan kimya elminə ağır itki üz vermişdir. Uzun illər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi akad. Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda çalışmış  kimya üzrə elmlər doktoru, professor, üzvi kimya sahəsində tanınmış alim, səmimi insan Mirzə Məmməd oğlu Mövsümzadə ömrünün 85-ci ilində vəfat etmişdir.
Əməkdar elm xadimi, kimya elmləri doktoru, professor Mövsümzadə Mirzə Məmməd oğlu 1939-cu il oktyabrın 17-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. Orta təhsilini Bakı şəhər 36 saylı məktəbdə aldıqdan sonra, 1958-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının kimya texnologiyası fakültəsinə qəbul olunub və 1963-cü ildə Azərbaycan Dövlət Neft Akademiyasını bitirdikdən sonra Azərbaycan Neft-Kimya Prosesləri İnstitutuna işə qəbul olunub. 1968-ci ildə “α-monoxlorhidrin qliserin efirləri törəmələrinin sintezi və yağlara aşqar və polimer materiallarına stabilizator kimi tədqiqi” mövzusunda namizədlik,1986-cı ildə “Elektrolit-karbohidrogen sistemləri üçün səmərəli metalların korroziyası inhibitorlarının sintezi və alınma texnologiyasının işlənilməsi” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək kimya üzrə elmlər doktoru elmi dərəcəsini almış, 1991-ci ildə isə professor elmi adına layiq görülmüşdür. 1967-1983-ci illər ərzində AMEA Aşqarlar Kimyası İnstitutunda kiçik və böyük elmi işçi, 1984-2021-сi illərdə “Yanacaqlara aşqarlar” laboratoriyasının müdiri vəzifəsində və Aşqarlar Kimyası Institutunda elmi işlər üzrə direktor müavini vəzifəsində fəaliyyət göstərmişdir.
Mirzə Mövsümzadə neft kimyası sahəsində tanınmış alimdir. Mirzə Mövsümzadə elmi fəaliyyəti bilavasitə AMEA-da akademik Ə.Quliyevin rəhbərlik etdiyi “Sürtkü yağları və aşqarlar” laboratoriyası və 1965-ci ildə onun əsasında təşkil edilmiş, keçmiş SSRİ-də yeganə ixtisaslaşmış elm mərkəz olan AMEA Aşqarlar Kimyası İnstitutu ilə bağlıdır. Onun elmi fəaliyyətinin əsas istiqamətini müxtəlif funksional təsirli və yüksək effektli korroziya inhibitorlarının məqsədyönlü sintezi, onlar əsasında inhibitor qarışıqlarının alınması və yanacaqların istismar xassələrini yaxşılaşdıran yüksək təsirli aşqarların yaradılmasının elmi əsaslarının işlənib hazırlanması təşkil edir. Onun rəhbərliyi və bilavasitə iştirakı ilə yaradılmış bir sıra inhibitorlar, aşqarlar və sürtkü yağları, o cümlədən xüsusi təyinatlı yağlar sənayedə tətbiq edilmişdir. Son illərdə onun elmi fəaliyyət istiqamətlərindən biri də bitki yağlarının transefriləşməsi reaksiyası nəticəsində alınan biodizel və onun törəmələri əsasında ekoloji təhlükəsiz yanacaq aşqarlarının işlənib hazırlanması olmuşdur.

Mirzə Məmməd oğlu Mövsümzadə 3 dəfə (1999, 2004, 2009) AMEA-nın Fəxri Fərmanları, 2005-ci ildə “Əməkdar elm xadimi” fəxri adı, 2015-ci ildə “Şöhrət” ordeni ilə təltif olunmuşdur.

Kimya elmi sahəsində tanınmış alim, xeyirxah, mehriban və alicənab insan Mirzə Mövsümzadənin  parlaq xatirəsi onu tanıyanların qəlbində daima yaşayacaq.

Allah rəhmət eləsin!

ARETN Aşqarlar Kimyası İnstitutunun kollektivi

 

 

PAYLAŞ