Azərbaycan-Türkiyə: “TƏK MİLLƏT, TƏK DÖVLƏT”ə çevrilə bilmək qüdrətinin nümayişi

145

ÇARƏSİZLİK…. Köməksiz vəziyyətdə qalmaq, özünə belə kömək edə
bilməmək, digərlərinin ciddi köməyinə və dəstəyinə möhtac olmaq, bəzən elə
bir vəziyyətin gərgin olması, faciə elementlərinin çoxalması, çıxılmaz
vəziyyət yaranması səbəbindən artıq yaşamağa ümidin itməsi üzrə olduğun
bir andır. Fevralın 6-da baş vermiş dağıdıcı zəlzələnin qardaş Türkiyənin 10
vilayətində 13,5 milyon insanı düşürdüyü acınacaqlı durumu, məhz, bir sözlə
yuxarıda bəhs etdiyim çarəsizlik adlandırardım. Belə olmasaydı, XXI əsrin
görünməmiş fəlakəti adlandırılan bu zəlzələ 20 minə yaxın insanın həyatına
son qoymaz, 70 min insanı da yaralamaz, neçə-neçə vətəndaşları ağır beton
dirəklər, soyuq torpaq altında saxlamaqla, ölüm anına şahidlik etməzdi. Bu
rəqəmlər son deyil. Zəlzələ qurbanlarının sayının artacağı istisna olunmur.
Çünki dağılmış binaların sayı 5-7 mindir. Ən acınacaqlısı odur ki, indinin
özündə həmin dağıntılar altında yaşam mücadiləsi aparan neçə-neçə
köməksiz uşaq, qoca, cavan kişi-qadın vardır ki, amma biz onları xilas
etməkdə acizik.
Zəlzələnin baş verməsindən kritik saatlar keçməsinə baxmayaraq
Allahın möcüzələrinə də şahidlik edirik. Son 10 ildə qeydə alınan bu
böyüklükdə dağıntılar altından 4-5 gün keçməsinə baxmayaraq ac-susuz,
soyuq beton altında sağ qalmaq ancaq və ancaq Uca Yaradanın lütfüdür.
Ailə üzvlərini itirənlərin düşdüyü durum canımızdan can qoparır,
damarlarımızdakı qanı dondurur. Dağıntı altında qızının cansız bədənənin
görüb, onun soyuq əlini isti əlinə alıb, sanki bununla təskinlik tapmağa
çalışan qardaşımızın düşdüyü vəziyyət və ya övladını qucağına alaraq onu
qoruyub, özü həlak olan ailə başçısının ürəklərimizə çəkdiyi miskinlik rəsmi
vallah sözün bitdiyi yerdir. Yaxud beton parçanın altında fəlakətin baş
verməsindən keçən 100-cü saatda qurtarılan 20 günlük günahsız tifilin
məsum üz cizgilərinə baxıb soyuqanlı davrana, fikirimi ifadə etməyə söz
tapa bilmirəm, qeyri-ixtiyari gözlərimdən yaş axır.
Statistik məlumatlara görə, zəlzələ bölgəsinə 65 ölkədən xilasedicilər,
humanitar yardımlar göndərilir. İlk kömək əlini uzadan isə təbii ki, can
Azərbaycandır. İstər bölgəyə təhkim olunmuş xilasedicilərimizin sayına,
istərsə də humanitar yardımların həcminə görə dünya ölkələri sırasında ilk
yerdəyik. Əlbəttə belə olmalıdır. Böyük şairimiz Bəxtiyar Vahabzadə söz
xatirinə yazmayıb ki:
… Eşidincə ata yurdda depremi,
Axdı yaşım, döndü başım, Türkiyə.
Hər dərdimin, hər qəmimin ortağı
Can qardaşım, qan qardaşım, Türkiyə.

Varmı qəza, varmı bəla, de, bunca?
Səninləyik biz ki ömür boyunca.
Faciəni biz uzaqdan duyunca,
Gözlərimdən axdı yaşım, Türkiyə.
Öz hökmü var hər zamanın, hər anın,
Yaman gündə yanındayıq biz sənin.
Ana yurdda Vətənimsən, Vətənim,
Vətənimdə vətəndaşım, Türkiyə……
Necə ki, ölkəmizin 44 günlük Vətən müharibəsində böyüyündən kiçiyinə,
məmurundan sıravi vətəndaşına qədər sözü və əməli ilə Türkiyə
yanımızdaydı, bu gün də biz onların yanındayıq. Heç yadımızdan çıxmaz:
Müharibənin ilk saatlarından Türkiyə cümhurbaşkanı Rəcəb Təyyib Ərdoğan
bütün dünyanı öz üzərinə çəkərək açıq-aşkar elan etdi ki, biz can və qan
qardaşlarımızın yanındayıq. “Azərbaycanın ərazi bütövlüyü Türkiyənin
qırmızı xəttidir. Əgər üçüncü ölkə bu münaqişəyə müdaxilə edərsə,
babamızın övladı olsa belə bir an belə durmarıq”, sözləri gücümüzə-güc
qatdı və bəzi yaramaz ölkələri, və saxta din qardaşlarımız olan qonşularımızı
erməni bacılarına açıq dəstək verməyə və bu yolla müharibənin miqyasının
genişlənməsinə mane oldu. Ona görə, prezident cənab İlham Əliyev
zəlzələnin ilk saatında Ərdoğana telefon zəngi edərək xalqımızın
başsağlığını çatdırmaqla, xilasedici dəstələrin artıq yolda olduğunu söylədi.
Ardınca da humanitar yardım dolu yük təyarələrimiz yola salındı.
Çevik xilasetmə qüvvələrimiz də güclü zəlzələnin fəsadlarının aradan
qaldırılması və axtarış-xilasetmə əməliyyatlarında uğurlar sıralamaqdadır.
Qısa vaxt keçməsinə baxmayaraq 46 nəfəri sağ çıxarmaları ilə bizi hədsiz
sevindirirlər.
Çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədilə
təkcə, Azərbaycan dövlətinin deyil, şəhərdən ən ucqar kəndə qədər dörd bir
yanda yaşayan vətəndaşlarımızın başlatdıqları genişmiqyaslı yardım
kampaniyası bu xalqın nə qədər BÖYÜK olduğunu göstərir. Eyni ilə Vətən
müharibəsindəki birliyimizi, həmrəyliyimizi təkrar nümayiş etdiririk.
Dövlət başçımızın qeyd etdiyi kimi, Azərbaycan xalqı könüllü olaraq zəlzələ
qurbanlarına, öz doğma qardaşlarına dəstək olmaq üçün kimin əlində nə var
onu gətirir. Sözün əsl mənasında, kimi yorğan gətirir, kimi döşək gətirir,
kimi gödəkcə gətirir. Kimin imkanı nəyə çatırsa, onu da əsirgəmir. Hətta
gödəkcənin ciblərinə konfet, çərəz qoyurlar ki, onu geyinəcək zəlzələdən
əziyyət çəkənlər ac qalmasın. Belə manqal kimi ürək sahibləri olan millət
əvvəl-axır var olacaq. Bütün bu xeyrxah addımlar həm Ulu öndər Heydər
Əliyevin dillər dastanı olan “Bir millət, iki dövlət!” deyiminin sözdə yox,
əməldə sübutu, həm də hətta çətin vəziyyətlərdə bu böyük xalqlarımızın “tək
millət, tək dövlət”ə çevrilə bilmək qüdrətinin nümayişidir.
Bəli, Türkiyə-Azərbaycan artıq bir yumruq halına gəlib, bir bədəndə bir
ürək, bir can olub. Dünya durduqca, sona qədər də belə də olacağına
şübhəmiz yoxdur. Allah birliyimizi, bütövlüyümüzü pozmaz, inşallah!

Əminik ki, güclü və qüdrətli Türkiyə dövləti də əvvəlki zəlzələlər kimi bu
çətinliyin öhdəsindən gələcək, tarixin sınağından üzü ağ çıxacaq, yoluna
daha inamla davam edəcək. Burda da mərhum şairimiz B.Vahabzadənin
misraları köməyimə gəlir:
…Sən çıxmısan tarixdə çox sınaqdan,
Dönməmisən nə gerçəkdən, nə haqdan.
Ey zamanın yollarında hər zaman
Mənim arxam, yol yoldaşım, Türkiyə.
Bu taleyi nə yamanla, nə qına,
Dönəcəksən sən dünənki çağına.
Qurban olum sinəndəki dağına,
Uca başım, əməldaşım, Türkiyə….
Tanrı türk qardaşlarımızın yar və yardımçıları olsun, Amin!!!

Əfsun Sucayev
YAP İdarə Heyətinin üzvü,
elmlər doktoru

PAYLAŞ