Ümummilli lider Heydər Əliyevin fərmanı ilə 26 fevral “Xocalı soyqırımı və milli matəm günü” elan olunmuşdur.
23 fevral 2024-cü il tarixdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Aşqarlar Kimyası İnstitutunda institut rəhbərliyi, Azad Həmkarlar Təşkilatı, YAP Ərazi Təşkilatı, Gənc Alim və Mütəxəssislər Şurası və Qadınlar Şurasının təşkilatçılığı ilə “Xocalı soyqırımı”nın 32-ci ildönümünə həsr edilmiş anım tədbiri keçirilib.
İclas Xocalı soyqırımı qurbanlarının və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbiri giriş sözü ilə açan İnstitutun Həmkarlar Təşkilatının sədri k.ü.f.d., dosent Elxan İsakov vurğulayıb ki, Azərbaycan xalqının başına gətirilən Xocalı faciəsi XX əsrin ən dəhşətli faciəsidir: “Ermənilərin Xocalı şəhərini hədəfə almaqda əsas məqsədi bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan, strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idisə, digər tərəfdən ümumiyyətlə, Xocalını yer üzündən birdəfəlik silmək idi. Öz miqyasına və dəhşətlərinə görə dünya tarixində analoqu olmayan Xocalı soyqırımını törətməkdə erməni şovinistləri və ideoloqları həm də daha uzağa hesablanmış məqsəd güdürdülər. Onların əsas niyyəti Dağlıq Qarabağı və digər Azərbaycan torpaqlarını ələ keçirmək, xalqımızın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə əzmini qırmaq idi”.
O bildirib ki, hazırda Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Xocalı soyqırımının dünyada tanıdılması ölkəmizin xarici siyasətinin əsas istiqamətlərindən biridir.
Azərbaycan dövlətinin apardığı uğurlu xarici siyasət nəticəsində dünya dövlətləri də artıq ermənilərin törətdikləri bu soyqırımına öz münasibətlərini bildirir və Xocalıda törədilmiş qətliamı kəskin pisləyirlər.
Daha sonra tədbirdə aparıcı elmi işçi k.ü.f.d., Nüsrət Əliyev və böyük elmi işçi İnqilab İsmayılov Xocalı faciəsi ilə bağlı çıxış edərək, mənfur ermənilərin xalqımıza qarşı ən qəddar zorakılıq üsullarından istifadə etməklə, tarixdə misli görünməmiş cinayətlər törətdiklərini nəzərə çatdırb, 44 günlük Vətən Müharibəsi və 23 saat 47 dəqiqə davam edən antiterror əməliyyatı zamanı Azərbaycan Ordusunun Şanlı Zəfərini, dövlətimizin iqtisadi gücünün, hərbi potensialının və beynəlxalq aləmdə nüfuzunun artdığını, ölkəmizin hərtərəfli inkişafa nail olduğunu, erməni vandalizmi nəticəsində həyatını qurban verənlərin qisasının alındığını qeyd ediblər.
Sonda Xocalı qurbanlarının xatirəsini yad etmək üçün video çarxı nümayiş etdirilib.