Bill Qeyts koronavirus pandemiyasının sonunu proqnozlaşdırıb

738

Milyarder və xeyriyyəçi Bill Qeyts koronavirus pandemiyasından sonra dünyanın öz normal axarına qayıda biləcəyini proqnozlaşdırıb. Bu haqda o, “Le Figaro” qəzetinə müsahibəsində deyib.

“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, “Microsoft”un qurucusunun sözlərinə görə, virusun yayılmasının bütün nəticələrini tamamilə aradan qaldırmaq üçün cəmiyyətə bir ildən iki ilədək vaxt lazımdır. Pandemiyanın birinci mərhələsindən çıxmaq üçün yoluxmanın irəliləməsinin səciyyəvi mərhələsinə qayıtma riskini aradan qaldıran fəaliyyət sistemi qurmaq lazımdır.

O, insanların yoluxma ehtimalından narahat olacağını və öz davranışlarını kəskin şəkildə dəyişdirəcəyini proqnozlaşdırır. “Müalicə və ya vaksinləmənin ölüm hallarının qarşısını ala biləcəyi sübut edilməyincə, hətta hakimiyyətin qərarı belə insanları stadionlara geri qaytarmayacaq” – Qeyts öz fikrini belə izah edib.

Milyarderin fikrincə, vaksinin hazırlanması dünyanın öz normal axarına qayıtması istiqamətində əsas addım olacaq. O, həmçinin xatırladıb ki, Bill və Melinda Qeyts Fondu bu prosesdə iştirak edir.

“Microsoft”un qurucusu öz həyat yoldaşı Melinda ilə birgə “COVID 19” ilə mübarizəyə 100 milyon dollar məbləğində yardım edib.

Con Hopkins Universitetinin aprelin 27-nə olan məlumatına görə, dünyada 3 milyondan çox insan koronavirusa yoluxub, onların 208 mini ölüb, 878 mindən çoxu sağalıb. ABŞ-da 1 milyondan çox insan bu virusa yoluxub. “COVID-19”dan ən çox zərərçəkmiş ölkələrin beşliyinə İspaniya, İtaliya, Almaniya, İngiltərə və Fransa daxildir.

Emil Hüseynov

PAYLAŞ