ELMİRA NAĞIYEVA – 75 ildə böyük fəaliyyət yolu keçmiş zəhmətkeş ziyalı, gözəl alim

1133

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) akad. Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun (AKİ) “Motor yağlarına çoxfunksiyalı aşqarlar” laboratoriyasının baş elmi işçisi, tex.e.d., dosent Elmira Nağıyevanın anadan olmasının 75 ili tamam olub.

Elmira Əli qızı Nağıyeva 1946-cı ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. S.M.Kirov adına Azərbaycan Dövlət universitetinin (hazırki BDU) kimya fakültəsinin axşam şöbəsini bitirib. Hələ tələbə olarkən 1966-cı ildə AMEA AKİ-yə laborant vəzifəsinə qəbul olunub. 1966-cı ildən 2008-ci ilədək laborant, texnik, böyük texnik, mühəndis, kiçik elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi elmi adı, 2009-cu ildən isə baş elmi işçi vəzifəsində işləmişdir.

1972-ci ildə AMEA AKİ-nin aspiranturasının qiyabi şöbəsinə daxil olub. 1979-cu ildə “Neft Kimyası” ixtisası üzrə “Kəhraba turşusunun azot və kükürdlü törəmələrinin sintezi və sürtkü yağlarına aşqar kimi tədqiqi” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 2001-ci ildə “Mineral və sintetik yağlara alkilfenollar və aminlər əsasında az küllü və külsüz aşqarlar” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək texnika üzrə elmlər doktoru elmi dərəcəsi, 1985-ci ildə isə böyük elmi işçi elmi adını almışdır.

Nağıyeva tex.e.d., baş elmi işçi vəzifəsinə gələrək böyük fəaliyyət yolu keçmiş zəhmətkeş ziyalıdır. O, səmərəli elmi fəaliyyətə AMEA AKİ-nin “Motor yağlarına çoxfunksiyalı aşqarlar” laboratoriyasında başlamışdır.

Elmira xanımın elmi fəaliyyətinin əsas istiqamətini mineral və yüksək temperaturda işləyən sintetik yağlara əlavə kimi müxtəlif heteroatom və funksional qruplar saxlayan aşqarların sintezi, tədqiqi və onların əsasında yeni motor yağlarının işlənilməsi təşkil edir. O, yeni aşqarların sintezi, onların tərkib və qurluşunun funksional effektivliyinə təsirinin öyrənilməsi sahəsində sistematik fundamental tədqiqatlar aparır.

E.Nağıyevanın bilavasitə iştirakı ilə bir sıra aşqarlar yaradılmış, onların tətbiqi ilə mineral və sintetik motor yağları işlənib hazırlanmışdır. O, 200-ə yaxın elmi əsər, o cümlədən 44 müəlliflik şəhadətnaməsi və patent müəllifidir. Onun əsərlərinin 40-dan çoxu xaricdə çap olunmuşdur.

PAYLAŞ