Akademik Vaqif Fərzəliyev AMEA-nın akademik Yusif Məmmədəliyev adına mükafatına layiq görülüb

2827

AMEA Rəyasət Heyətinin aprelin 19-da keçirilmiş növbəti iclasında AMEA-nın akademik Yusif Məmmədəliyev adına mükafatına layiq görülmüş alimin adı açıqlanıb.

Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyev müxtəlif funksiyalı xassələrə malik üzvi birləşmələrin, o cümlədən yüksəktəsirli aşqarların məqsədyönlü sintezi və onlar əsasında müasir tələblərə cavab verən sürtkü materiallarının yaradılması sahəsində əldə etdiyi mühüm fundamental və tətbiqi nəticələrə görə AMEA-nın akademik Yusif Məmmədəliyev adına mükafatına layiq görülüb.

Vaqif Fərzəliyev neft kimyası və üzvi kimya sahəsində tanınmış alimdir. Onun elmi fəaliyyətinin əsas istiqamətini sürtkü yağları, yanacaq və yağlayıcı-soyuducu mayelərə yüksək təsirli aşqarların və onların əsasında yüksək keyfiyyətli yağ, yanacaq və yağlayıcı-soyuducu maye kompozisiyalarının yaradılmasının elmi əsaslarının işlənib hazırlanması təşkil edir. O, yeni aşqarların sintezi, onların funksional təsir mexanizminin və həmçinin tərkib və quruluşlarının effektivliyə təsirinin öyrənilməsi sahəsində sistematik fundamental tədqiqatlar aparır.

Vaqif Fərzəliyev 670 elmi əsərin, o cümlədən 114 müəlliflik şəhadətnaməsi və patent, üç monoqrafiyanın, bir kitabın müəllifidir. Onun əsərlərinin təxminən 300-ə yaxını xaricdə çap olunub. 120-dən çox elmi əsəri isə beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda nəşr olunub. Beynəlxalq (CRDF, STCU) və respublika (EİF, ARDNŞ-ın Elm Fondu) qrant layihələrinin qalibi olub.

V.Fərzəliyev elm və texnikanın inkişafındakı nailiyyətlərinə və elmi nəticələrin xalq təsərrüfatına tətbiqinə görə “Əməkdə Fərqlənməyə görə” və “Əmək veteranı” medalları, “Şöhrət” ordeni, Əməkdar elm xadimi fəxri adı, dəfələrlə Azərbaycan Milli Elmlər Akademiyasının Fəxri Fərmanı ilə təltif edilib. Rusiya Elmlər Akademiyasının təsis etdiyi “Akdemik N.M.Emanuelin xatirəsi” medalı və diplomla, Avropa Birliyi Elm-Sənaye Palatasının “Qızıl” medalı və diplomla, Türkiyənin Fırat Universitetinin və Hindistan Texnoloji İnstitutunun xatirə medalları ilə mükafatlandırılıb.

SHARE