AMEA-da DAAD proqramına dair təqdimat keçirilib

2216

Martın 14-də AMEA-nın Rəyasət Heyəti aparatının Beynəlxalq Əlaqələr İdarəsinin təşkilatçılığı ilə Alman Akademik Mübadilə Xidmətinin (DAAD) proqramına dair təqdimat keçirilib.

Tədbirdə DAAD-ın Bakı Məlumat Mərkəzinin rəhbəri Ştefani Düfo çıxış edib. Təqdimatçı bildirib ki, DAAD dünyada tələbə və alimlərin beynəlxalq mübadiləsini dəstəkləyən ən böyük təşkilatlardandır. Qeyd edib ki, 1925-ci ildən fəaliyyət göstərən təşkilatın əsas vəzifəsi tələbə, doktorant və elm adamlarının mübadiləsi vasitəsilə xarici ölkələrlə akademik münasibətləri qurmaqdan ibarətdir.

Tədbirdə DAAD-ın xarici ölkələrdəki büro və məlumat mərkəzlərindən ibarət şəbəkəsinin fəaliyyətindən və təqdim etdiyi xidmətlərdən danışılıb. DAAD-ın bakalavriant, magistrant, doktorant və təcrübəli tədqiqatçılar üçün Almaniyanın ali təhsil müəssisələrində təqaüd və qrant proqramları çərçivəsində təhsil almaq, intensiv dil kursları keçmək və tədqiqatların aparılması üçün təklif olunan imkanları haqqında geniş məlumat verilib.

Azərbaycan və ingilis dillərində keçirilən təqdimatda AMEA-nın elmi müəssisələrindən və DAAD-ın Bakı Məlumat Mərkəzindən nümayəndələr iştirak ediblər.

Mənbə: http://science.az/news/open/5236

SHARE