“Financial Times” nəşri “İlin adamı”nı açıqlayıb

1175

“Financial Times” qəzeti ABŞ-ın “Microsoft” korporasiyasının baş direktoru Satya Nadellanı “İlin adamı” seçib. Bu barədə nəşrin saytında deyilir.

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, qəzet jurnalistlərinin sözlərinə görə, baş direktor bu ada səhmdarların mənfəətinin artmasında və şirkətin inkişafında xidmətlərinə görə layiq görülüb. S.Nadellanın baş direktor vəzifəsində altıillik fəaliyyəti dövründə “Microsoft” səhmdarlarının ümumi mənfəəti bir trilyon dolları ötüb. Bu fakt 2019-cu ilin noyabrına olan məlumatlarda öz əksini tapıb.

Nəşr baş direktorun digər uğuru kimi texnoloji şirkətin KİV-də adının çox nadir hallarda yer almasını qeyd edir. Jurnalistlərin sözlərinə görə, “Microsoft” səylərini ilk növbədə texnologiyaların istehlakçılara deyil, müəssisələrə satılması üzərində cəmləşdirib və ümumilikdə fəaliyyətini ictimaiyyətdən gizli saxlayır. Bununla yanaşı, korporasiyanın axtarış sistemi, elektron poçt xidməti, fərdi kompüterlər üçün proqram təminatı inkişaf edir, eləcə də oyun bölməsi fəaliyyət göstərir.

Qeyd olunur ki, 52 yaşlı S.Nadella korporasiya rəhbəri vəzifəsini tutmamışdan əvvəl “Microsoft” XXI əsrin bütün vacib texnoloji yeniliklərini itirmək təhlükəsi ilə üzləşib.

Nizam Nuriyev

PAYLAŞ