Gənc kimyaçı alimlər Almaniyada keçirilən beynəlxalq onlayn konfransa qatılıblar

1027

10-11 noyabr 2020-ci il tarixində AMEA Aşqarlar Kimyası İnstitutunun elmi işlər üzrə direktor müavini, k.e.d.,dosent Əfsun Sucayev və Neft-kimya Prosesləri İnstitutunun laboratoriya müdiri və Bakı Mühəndislik Universitetinin kafedra müdiri, k.ü.f.d., dosent Yusif Abdullayev Almaniyada onlayn rejimdə keçirilən 5-ci Yaşıl və Davamlı Kimya Konfransına (5th Green and Sustainable Chemistry Conference) qatılıblar. Onlar ucuz maliyyəli [EtNH]HSO4 ion mayesinin katalizatoru iştirakında CO2-nin tsiklik karbonat, karbamatlara, karbamid və karbonilsulfatlara çevrilməsinin nəzəri və təcrübi tədqiqi. (Theory for low-cost [EtNH]HSO4 ionic liquid catalyzed CO2 conversion to cyclic carbonates, cyclic carbamates, cyclicureas, and cyclic carbonylsulfates) mövzularında məruzə etmişlər. Tədqiqatçıların araşdırmalarına görə, CO2-in atmosferdə miqdarının artması istixana effekti əmələ gətirdiyinə görə onun miqdarının azaldılması və sənaye əhəmiyyətli maddələrə çevrilməsi çox əhəmiyyətlidir. Müxtəlif nukleofil maddələr, məsələn diaminlər, aminospritlər, diollar və s. CO2-in çevrilməsində istifadə olunan başlanğıc maddələrdir. Bu maddələrdən hansının CO2-in tutulması üçün daha effektiv olması nəzəri hesablamalar vasitəsi ilə tədqiq edilmişdir.

Məlumat üçün bildirək ki, bu elmi tədqiqatlar AMEA Neft-kimya Prosesləri və Aşqarlar Kimyası İnstitutlarının SOCAR Elm Fondunun maliyyə dəstəyi ilə birgə həyata keçirdikləri “Neft-kimya sənayesində tətbiq oluna bilən yüksək keyfiyyətli üzvi reagentlərin alınması üçün zərif-üzvi sintez üsullarının kompüter tədqiqi” adlı layihəsi çərçivəsində yerinə yetirilmişdir Tədqiqatların nəticələri “Elcevier” nəşriyyatına daxil olan eyniadlı konfransın materiallarında çap olunmuşdur.

 

PAYLAŞ