Hansı smartfon internetə ən tez daxil olur?

1147

Smartfonların işləmə sürətini qiymətləndirən populyar “AnTuTu” saytı mobil rabitə şəbəkəsi daxilində və “Wi-Fi” vasitəsilə ən yüksək məlumat ötürmə sürətinə malik modellərin siyahısını tərtib edib.

“ICTnews” Elektron Xəbər Xidməti “Vesti” resursuna istinadən yazır ki, şəbəkənin sürətinin ölçülməsi funksiyası saytın yeni “V8” versiyasına əlavə olunub. Bu rejimdə məlumatların ən yüksək yükləmə və boşaltma sürəti, orta bağlantı sürəti, eləcə də paketlərin itirilməsi və yubanması kimi parametrlər nəzərə alınır.

Mobil şəbəkəyə qoşulan modellər arasında ən yaxşı nəticəni “5G” modulu ilə təchiz edilən qabaqcıl “Huawei Mate 30 Pro” smartfonu nümayiş etdirib. Onun orta yükləmə/boşaltma sürəti müvafiq olaraq 125,52 və 27,35 Mbit/saniyə təşkil edib. Bu, siyahıda məlumat yükləmə sürəti 100 Mbit/saniyəni üstələyən yeganə model olub.

İkinci pillədə böyük fərqlə “Mate 30 5G” versiyası qərarlaşıb (87,82/23,31 Mbit/saniyə). Üçüncü mövqedə Çin istehsalçısının daha bir modeli – “Huawei Mate 9 Pro 5G” (69,83/24,10 Mbit/saniyə) yer alıb. Bundan başqa, “Xiaomi Mi 9 Pro 5G”, “Vivo NEX 3 5G”, “Vivo iQOO Pro 5G” və “5G” dəstəkli digər brendlər də yaxşı nəticələr nümayiş etdirib. Qoşulma dəstəyi “4G” şəbəkəsi ilə məhdudlaşan modellər isə bir sıra hallarda maksimal yükləmə sürətinə görə 5 dəfə geri qalıblar.

“Wi-Fi” vasitəsilə bağlantı sürətinin ölçülməsi zamanı ilk üçlüyə yenə də “Huawei” qurğuları sahib çıxıb: “Mate 30 Pro 5G (93,27/32,51 Mbit/saniyə), “Mate 30 5G” (80,30/31,46 Mbit/saniyə) və “Mate 30 Pro” (73,36/31,25 Mbit/saniyə). Dördüncü pillədə “Samsung Galaxy Note10+ 5G” (73,08/32,10 Mbit/saniyə) qərarlaşıb. Liderlər beşliyini “Huawei Mate 20” (70,42/31,44 Mbit/saniyə) tamamlayıb.

Nizam Nuriyev

PAYLAŞ