İnstitutun beynəlxalq əlaqələri genişlənir

1378

AMEA akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutu 2015-ci ildən İtaliyanın Florensiya Universiteti ilə fundamental tədqiqatlar sahəsində əməkdaşlıq edir. İlk dəfə olaraq institutda yeni sintez olunan fizioloji fəal maddələrin antioksidant aktivliyi, karbon anhidraz I və II izoenzimləri üzərində inhibitor təsirləri Türkiyənin Atatürk Universiteti ilə birgə İtaliyanın Florensiya Universitetində  analiz olunmuş və yüksək təsirə malik olmaları təsdiq edilmişdir. Belə ki, ilkin nəticələrə görə, alınan maddələr bədxassəli şiş (xərçəng), mədə traktı, tənəffüs yollarının iltihabı və Alzheimer (yaddaşitmə, ağıl zəifliyi) xəstəliyi kimi patoloji proseslərə yüksək inhibitor təsir göstərmək imkanındadır. Hətta onlar standart dərman kimi tətbiq olunan takrin, α-tokoferol və troloksa nisbətən 10 dəfə yüksək təsirə malikdir.

Qeyd olunan nəticələr İtaliya Milli Tədqiqat Şurası (İMTŞ) Biomolekulyar və Biogörüntülənmə İnstitutunun alimlərinin diqqətini cəlb etdiyi üçün həmin İnstitutun aparıcı alimləri tərəfindən Aşqarlar Kimyası İnstitutuna rəsmi müraciət olunaraq müştərək tədqiqatlar həyata keçirmək və nəticə etibarilə yeni dərman maddələrin klinik sınaqlarının aparılması təklif olunub. Hətta həmin İnstitutun alimləri ilə birlikdə  AMEA və İMTŞ arasında imzalanmış Elmi Əməkdaşlıq Sazişi üzrə Müştərək Proqram çərçivəsində 2018-2019-cu illər üçün elan olunmuş beynəlxalq müsabiqəyə “Patoloji proseslərdə iştirak edən yeni karbonanhidraz inhibitorların yaradılması” adlı layihə təklifi təqdim olunub. Bu layihə reallaşdıqdan sonra, növbəti ildə yüksək inhibitor xassələrə malik fiziloji fəal maddələrin klinik sınaqları həyata keçiriləcək. Əgər bu sınaqlar da müsbət nəticə verərsə, onda bu maddələr dərman preparatları kimi istifadə edilə biləcək.

İndiyə qədər həyata keçirilən müştərək tədqiqatların elmi nəticələri 7 məqalə şəklində “Tomson Reuters” Agentliyinin Elmi İnformasiya İnstitutunun (İSİ) ISI Web of Knowledge axtarış sistemində referatlaşdırılmış, yüksək resenziyalı (impakt faktoru 2.303-4.293 olan) nüfuzlu xarici jurnallarda çap edilmişdir.

Azərbaycan Milli Elmlər Akademiyasının akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutu,  Türkiyənin Orta Doğu Texnik və Atatürk universitetlərinin kimya bölmələri, İtaliya Milli Tədqiqatlar Şurasının Biomolekulyar və Biostruktur İnstitutunun iştirakı ilə müştərək beynəlxalq laboratoriyasının yaradılması məqsədilə tərəflər arasında əməkdaşlıq müqaviləsinin imzalanması nəzərdə tutulub. Hazırda hər 3 qurum rəhbərliyi ilə də danışıqlar aparılır.Qeyd edək ki, Aşqarlar Kimyası İnstitutu adıçəkilən elmi müəssisələr ilə müştərək tədqiqatların aparılması, gənc alim və mütəxəssislərin təcrübə mübadiləsi məqsədilə əməkdaşlıq edir.

PAYLAŞ