Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan elmi tədqiqat institutlarında çalışan tədqiqatçıların əməyinin stimullaşdırılması məqsədilə həyata keçirilən proqram çərçivəsində “Elmi iş müəlliflərinin müəllif balının hesablanması Qaydası”na dəyişikliklər edilib. Yeni qərara əsasən, tədqiqatçıların son 6 il ərzində Q3 və Q4 kvartilli jurnallarda dərc olunmuş məqalələri, eləcə də patentləşdirilmiş ixtira və faydalı modelləri qiymətləndirmə meyarlarına daxil edilib.
Məlumat üçün bildirək ki, Elm və Təhsil Nazirliyinin “Kimya İnstitutu” Publik Hüquqi Şəxsin 2026-cı ilin yanvar–fevral ayları üzrə (patentləşdirilmə meyarları nəzərə alınmadan) ümumilikdə 66 əməkdaşı maddi mükafat alanların siyahısına daxil olub. Onlardan 9 nəfər A kateqoriyası, 12 nəfər B kateqoriyası, 45 nəfər isə C kateqoriyası üzrə yer tutmuşdur.
Nəzərə alsaq ki, hər il ölkə üzrə elmi tədqiqat institutları arasında ən çox patent alan təşkilat Kimya İnstitutudur, onda növbəti aylarda bu elmi müəssisə üzrə maddi mükafat alanların sayında artan dinamika nümayiş olunacaq.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin bilavasitə təklifi və təşkilatçılığı ilə gerçəkləşən bu tədbirlər bir tərəfdən alimin əməyinə qiymət verməklə, onlar arasında sağlam rəqabət mühitinin yaradılması, digər tərəfdən ölkəmizin elminin dünya elminə inteqrasiyası üçün institutlarda aparılan elmi tədqiqatların keyfiyyət göstəricilərinin artırılmasına xidmət edəcəkdir.

