Kimyaçı alim professor elmi adına layiq görülüb

425

Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 08 dekabr 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru kimya elmləri doktoru Əfsun Sucayev kimya elm sahəsi üzrə 2306.01- Üzvi kimya ixtisasından professor elmi adına layiq görülmüşdür.

Ona diplom AAK Rəyasət Heyətinin 22 dekabr 2023-cü il tarixli iclasında Komissiyanın sədri professor Famil Mustafayev tərəfindən təqdim edilmişdir.

Məlumat üçün bildirək ki, Ə. Sucayev 2008-ci ildə “Üzvi kimya” ixtisası üzrə kimya üzrə fəlsəfə doktoru, 2018-ci ildə kimya elmləri doktoru elmi dərəcəsinə, 2017-ci ildə isə dosent elmi adına layiq görülmüşdür.

2005-ci ildən Aşqarlar Kimyası İnstitutunun “Aşqarlarin sintezi və təsir mexanizminin nəzəri əsasları” laboratoriyasında kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi, laboratoriya müdiri və İnstitutun elmi işlər üzrə direktor müavini vəzifələrində işləmişdir. 2021-ci ildən isə icraçı direktor vəzifəsində çalışır.

O, 5 mart 2021-ci il Yeni Azərbaycan Partiyasının VII qurultayında YAP İdarə Heyətinin üzvü seçilmişdir.

Ümumilikdə 150 elmi əsəri çap olunmuşdur, onlardan 2 monoqrafiya, 8 Azərbaycan Respublikası Patenti, 80 məqalə, qalanları isə konfrans materialı ‒ tezisdir. Qlobal elmi informasiya şəbəkələrindən götürülən məlumatlara görə, tədqiqat sahəsi üzrə 60 elmi əsəri müxtəlif beynəlxalq elektron sistemlərinə daxil olmuş və onlara dünya alimləri tərəfindən 1572 istinad edilmişdir, H-indexi 22-dir.

PAYLAŞ