Alkilfenol əsasında çoxfunksiyalı üzvi birləşmələr laboratoriyası

Laboratoriya müdiri

texniki elmlər doktoru

ELMİRA NAĞIYEVA

Alkilfenollar əsasında sürtkü yağlarının istismar keyfiyyətlərini yaxşılaşdıran çoxfunksiyalı yeni üzvi                                       birləşmələrin sintezi və tədqiqi

Laboratoriya 1965-ci ildən – AMEA akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun yarandığı tarixdən fəaliyyət göstərir. 1965-1988-ci illərdə laboratoriyaya texniki elmlər doktoru, professor Gövhər Zeynalova, 1988-2021-ci illərdə kimya elmləri doktoru Əli Kazımzadə rəhbərlik etmişlər. Hal-hazırda laboratoriyanın müdiri vəzifəsini texnika elmləri doktoru Elmira Nagıyeva yerinə yetirir.

Sürtkü yağlarına aşqar kimi istifadə edilən çoxsaylı üzvi maddələr sırasında alkiofenolyat və ditiofosfat tipli aşqarlar əsas yerlərdən birini tutur.

Laboratoriya əməkdaşlarının yaratdıqları belə aşqarlardan 1966-cı ildə БФК, 1971-ci ildə БФКу, 1975-ci ildə ИХП-101 tipli aşqarların sənayedə (Bakı və Sumqayıt şəhərlərində) istehsalı təşkil olunmuşdur. ИНХП-21 və ИХП-21 aşqarlarının istehsalatda tətbiqi 1975-1982-ci illərdə Ufa şəhərində yerləşən Neftayırma zavodunda həyata keçirilmişdir.

Hal-hazırda laboratoriyanın əməkdaşları sənayedə buraxılan əmtəə aşqarlarını əvəz edə bilən yeni çoxfunksiyalı aşqarların sintezi üzrə tədqiqatlar aparırlar. Tərkibində müxtəlif heteroatomlar saxlayan yüksək istismar göstəricilərinə və həm də yüksək qələviliyə malik olan yeni alkilfenolyat aşqarlarının (ИХП-114, ИХП-130, AKİ-140, AKİ-150, AKİ-154, AKİ-156, AKİ-162, AKİ-164, AKİ-210, AKİ-215, AKİ-218, AKİ-219, AKİ-223 və s.) alınmasının optimal şəraiti işlənilmişdir.

ИХП-114 və ИХП-130 aşqarlarının alınma texnologiyası Sumqayıt Aşqarlar zavodunda işlənilmişdir. Müəyyən olunmuşdur ki, alınan aşqarlar yüksək oksidləşmə, korroziyaya qarşı və yuyuculuq xassələrinə görə əmtəə aşqarlarından – ВНИИНП-714, МАСК, ОЛОА-218А və s. üstündür.

Alınmış aşqarların tətbiqi ilə müasir texnikanın tələblərinə cavab verən yeni M-8B, M-10Г2, М-10В2, М-16ИХП-3, М-20В2Ф və s. kimi motor yağları işlənilmişdir.

Laboratoriyanın elmi-tədqiqat işlərinin digər əsas istiqaməti sintetik yağlara yüksək temperatura davamlı oksidləşmə inhibitorlarının yaradılmasıdır. Bu məqsədə nail olmaq üçün molekulun tərkibində azot, kükürd, bor, silisium atomları və müxtəlif funksional qruplar saxlayan, yüksək temperatura davamlı inhibitorların sintez metodları işlənilmiş və onların təsir mexanizmi öyrənilmişdir.

Sintez edilmiş birləşmələr və əmtəə aşqarlarının tətbiqi ilə qazturbin mühərrikləri üçün sintetik efir yağları əsasında yüksək temperaturlara (200-2400C) davamlı sürtkü kompozisiyaları işlənilmişdir. Müəyyən edilmişdir ki, işlənilmiş kompozisiyalar əsas istismar keyfiyyətlərinə görə bu yağlara olan texniki tələblərə tam cavab verir.

İlk dəfə olaraq sintetik efir yağı əsasında fiziki-kimyəvi göstəriciləri və istismar keyfiyyətlərinə görə Б-3В, ТСЗп-8 və МГЕ-25Т kimi əmtəə yağlarından üstün olan vahid motor-transmissiya-hidravlik ИХП-44A yağı işlənilmiş və tətbiqə təklif olunmuşdur.

Alınan nəticələr məqsədyönlü sintezlərin, sürtkü yağlarına effektli aşqarlar seçiminin, habelə müasir və perspektiv texnika üçün sürtkü kompozisiyalarının işlənilməsinin elmi əsasını təşkil edir.