Laboratoriya müdiri
kimya üzrə fəlsəfə doktoru
MİNAXANIM MUSAYEVA
Institutun elmi istiqamətləri üzrə yerli və xarici mənbələrdən elmi-texniki və patent məlumatlarının toplanması, tədqiqi və sistemləşdirilməsi, institutda əldə edilən innovativ potensiallı elmi nəticələrin sosial fəaliyyət sahələrində və istehsalatda tətbiqi üzrə işlər
Сəmiyyətin inkişafının müasir mərhələsində ən aktual problemlərdən biri elmi-texniki informasiyanın dəqiq araşdırılması və rolunun yüksəldilməsidir. Bunu nəzərə alaraq, hələ 1965-ci ildə hazırkı AMEA akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutu təşkil olunarkən onun nəzdində Elmi-texniki informasiya şöbəsi yaradılmışdır. Şöbədə aparılan işlər aşağıdakı istiqamətləri əhatə edirdi: elmi-texniki informasiya, patent-ixtira işləri, redaksiya-nəşriyyat işləri.
Şöbənin elmi rəhbəri kimya üzrə fəlsəfə doktoru, dosent Xanım Quliyeva idi.
1981-ci ildə şöbə “Patent tədqiqatları və aşqarlar kimyası sahəsində elmi işlərin proqnozlaşdırılması” adlanan ixtisaslaşdırılmış laboratoriyaya çevrildi və həmin ildən etibarən laboratoriyanın müdiri kimya üzrə fəlsəfə doktoru, dosent Sevda Rüstəmova oldu. 1997-2012-ci illərdə laboratoriyaya kimya üzrə fəlsəfə doktoru Nelufər İsmayılova rəhbərlik etmişdir. 2012-ci ildən laboratoriyanın müdiri kimya üzrə fəlsəfə doktoru Minaxanım Musayevadır.
Laboratoriyada aşağıdakı istiqamətlərdə elmi-tədqiqat işləri aparılır:
– aşqarlar kimyası sahəsində patent-informasiya tədqiqatları;
– patent qabiliyyətli işlərin hüquqi mühafizəsi;
– elmi-texniki və patent məlumatlarının toplanılması, analizi və sistemləşdirilməsi;
– elmi nəşrlərin hazırlanması, tərcümə işi və redaksiya-nəşriyyat işləri;
– məlumat-informasiya fondunun komplektləşdirilməsi;
– institutda aparılan elmi-tədqiqat işlərinin Dövlət qeydiyyatından keçirilməsi.
1965-ci ildən bu günə qədər institutun aparıcı elmi işçiləri ilə birlikdə elmi-tədqiqat işlərinin analizi əsasında 600-dən artıq SSRİ müəlliflik şəhadətnaməsi, 10-dan artıq SSRİ və Rusiya Federasiyası, 160-dan çox Azərbaycan patenti alınmışdır. Hal-hazırda laboratoriya aşqarlar kimyası sahəsində birinci və ikinci mənbələrdən məlumatlar saxlayan informasiya fonduna malikdir.
Laboratoriya respublikada və xaricdə keçirilən konfrans, simpozium, müsabiqə və elmi-praktiki seminarlar haqda institut əməkdaşlarını mütamadi surətdə məlumatlandırır və onların bu tədbirlərdə iştirakına köməklik göstərir.
Laboratoriyanın əməkdaşları müxtəlif elmi mərkəzlərin təşkil etdiyi ixtisasartırma kurslarında iştirak edərək, öyrəndikləri yenilikləri öz fəaliyyətlərində tətbiq edirlər.
Laboratoriyada aparılan elmi-tarixi tədqiqatlar nəticəsində 10-dan artıq analitik icmal hazırlanaraq “Химия и технология топлив и масел” jurnalında dərc olunmuş, “Развитие химии присадок к смазочным маслам” (1994), “Присадки к смазочным маслам: История науки” (2009) adlı iki monoqrafiya “Elm” nəşriyyatında çapdan çıxmışdır.
İnformasiya-kommunikasiya texnologiyalarının müasir inkşafı ədəbiyyatın ilkin mənbələrindən alınan yeni məlumatların elektron versiyalarının yaradılmasını laboratoriyanın qarşısında vacib bir məsələ kimi qoyur. Bu məsələnin həlli elmi axtarışı əhəmiyyətli dərəcədə asanlaşdıracaq.