Müxtəlif funksiyalı polimer birləşmələr laboratoriyası

Laboratoriya müdiri

kimya üzrə fəlsəfə doktoru, dosent

ELXAN İSAKOV

Müxtəlif funksiyalı polimer birləşməlin sintezi və tədqiqi

Laboratoriya 1965-ci ildən – AMEA akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutu yarandığı tarixdən fəaliyyət göstərir. Laboratoriyaya kimya üzrə fəlsəfə doktoru Aleksandra Lyovşina (1965-1987) və texniki elmlər doktoru, professor Ələddin Əhmədov (1987-2014) rəhbərlik etmişlər. 2014-cü ildən laboratoriyaya kimya üzrə fəlsəfə doktoru, dosent Elxan İsakov rəhbərlik edir.

Fəaliyyət göstərdiyi illər ərzində laboratoriyada aparılan elmi-tədqiqat işlərində əsas istiqamət C2-C6 α-olefin oliqomer və birgə oliqomerləri əsasında P, S və Me (Mg, Ca, Ba) tərkibli tiofosfinat tipli aşqarların sintezi və onların yağların tərkibində yuyucu-dispersedici, korroziya və oksidləşməyə qarşı aşqar kimi tədqiqi olmuşdur. Belə aşqarlardan biri – tiofosfinat tipli çoxfunksiyalı ИХП-388 aşqarı işlənilmiş, təcrübi-sənaye miqyasında tətbiq edilmiş və onun əsasında yüksək təsirli motor yağları yaradılmışdır. Bu aşqarı almaq üçün ilkin oliqomer rolunu oynayan izobutilen-stirol birgə oliqomeri də həm təcrübi, həm də sənaye (Sumqayıt “Üzvi sintez” İstehsalat Birliyi) miqyasında istehsal edilmişdir.

Laboratoriyada bu istiqamətdə elmi-tədqiqat işləri davam etdirilməklə yanaşı, vinil monomerlərinin oliqomerləri əsasında yuyucu-dispersedici oliqoalkilsuksinimid aşqarlarının alınması, heksen-1-i fenol iştirakı ilə birgə oliqomerləşdirmək və sonrakı kimyəvi çevrilmələrdən istifadə etməklə çoxfunksiyalı aşqarların işlənilməsi, bəzi vinil və allil monomerlərinin polimerləşməsi yolu ilə neft yağları və sintetik yağlar üçün özlülük indeksini artıran özlülük aşqarlarının alınması, C6-C12 α-olefinlərin oliqomerləşmə və birgə oliqomerləşmə məhsullarının sintetik yağ, sintetik komponent və çoxfunksiyalı aşqar almaq üçün ilkin xammal kimi istifadəsi, neftin və neft məhsullarının emalı, nəqli və saxlanılması zamanı meydana çıxan texnoloji problemlərin həllində laboratoriyada sintez edilmiş birləşmələrdən reagent kimi istifadə edilməsi istiqamətində də tədqiqatlar aparılmaqdadır.

Bakı neftlərinin naften turşuları ilə zənginliyini nəzərə alaraq, bu turşuların allil efirləri sintez edilmiş və özlülük aşqarları alınmasında istifadə olunmuşdur. Allil monomerləri ayrılıqda polimerləşmədiyindən, onlar alkilmetakrilat və ya stirolla birgə polimerləşdirilərək, müasir tələblərə cavab verən özlülük aşqarları alınmış və neft yağları, eləcə də sintetik yağların tərkibində özlülük aşqarı kimi tədqiq edilmişdir.

Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun 30.05.2013-cü il tarixli EİF-2012-2(6)-39/25/4-M-32 nömrəli müqaviləsi üzrə “Heksen-1-in fenol iştirakı ilә oliqomerlәşmәsi”, 25. 02. 2015-ci il tarixli EİF-2013-9(15)-46/21/4-M-38 nömrəli müqaviləsi üzrə “Allilnaftenat–stirol birgə polimeri neft yağlarına özlülük aşqarı kimi” və ARDNŞ-nin Elm Fondunun 15.10.2014-ci il tarixli 19 saylı müqaviləsi üzrə “Yüksək özlülük indeksinə malik baza yağlarnın alınması” mövzuları üzrə layihələr müvəffəqiyyətlə yerinə yetirilmişdir.

Laboratoriya kollektivinin “Allilnaftenat-stirol birgə polimeri neft yağlarına özlülük aşqarı kimi” mövzusunda elmi-tədqiqat layihəsi ARDNŞ-nin Elm Fondunun 2014-cü il üçün elmi-tədqiqat layihələri üzrə müsabiqəsinin qalibi olmuşdur.

Laboratoriya alimləri tərəfindən aparılan elmi-tədqiqat işlərinin nəticələrinə dair 3 monoqrafiya dərc edilmişdir.

Son 10 il ərzində laboratoriyada aparılan elmi-tədqiqat işlərinin nəticələri 14 Azərbaycan patenti ilə təsdiq olunmus, 63-ə yaxın məqələdə öz əksini tapmışdır ki, bu məqalələrin əksəriyyəti Rusiyanın nüfuzlu və impakt faktorlu jurnallarında çap olunmuşdur. Məruzələrin tezisləri həm beynəlxalq (Amerika, Türkiyə, Rusiya, Belorusiya Gürcüstan), həm də ölkədaxili konfransların materiallarında çap olunmuşdur.

Bu dövr ərzində laboratoriyada kadr hazırlığı da yüksək səviyyədə olmuşdur: 3 nəfər kimya üzrə “fəlsəfə doktoru” hazırlanmışdır, 2 nəfər isə kimya elmləri doktoruğu üzrə dissertantdır.