Laboratoriya müdiri
texniki elmlər doktoru, dosent
AFAYƏT MƏMMƏDOVA
Sürtkü yağlarının triboloji xassələrini yaxşılaşdıran yeni üzvi birləşmələrin sintezi və tədqiqi
Laboratoriya 1965-ci ildən – AMEA akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutu yarandığı tarixdən fəaliyyət göstərir. Müxtəlif illərdə laboratoriyaya kimya üzrə fəlsəfə doktoru Hüseyn Həsənzadə (1965-1984), AMEA-nın akademiki Əli Quliyev (1984-1988) və kimya elmləri doktoru, professor Nazim Mustafayev (1988-2021) rəhbərlik etmişlər. 2022-ci ildən etibarən laboratoriyaya texniki elmlər doktoru, dosent Afayət Məmmədova rəhbərlik edir.
Laboratoriyanın tədqiqat obyekti tərkibində yağlayıcılıq xassələrinin əsas daşıyıcısı kimi sərbəst elektron cütlü elementlər (S, Cl, N, O və b.) olan üzvi birləşmələrdir. Bu qəbildən olan beş yüzdən çox yeni birləşmə sintez edilmiş, aparılmış tədqiqatlar nəticəsində üzvi kimyanın perspektiv bir sahəsi – tiokarbon turşuları törəmələrinin kimyası əhəmiyyətli dərəcədə inkişaf etdirilmişdir.
Bütün sınaq mərhələlərini keçib, bir çox sürtkü kompozisiyaları tərkibində tətbiq edilmək üçün buraxılış vəsiqəsi alan və sənaye istehsalı Rusiyanın Yaroslavl Neft Emalı zavodunda təşkil edilən (1990-cı il) aşqarlar ИХП-14А və onun modifikasiyası olan ИХП-14М olmuşdur. Keçmiş İttifaqda yerli aşqarlardan istifadə etməklə hazırlanıb, bütün sınaqlardan uğurla çıxan ilk universal transmissiya yağı tərkibində ИХП-14А aşqarı olan ТАД-17ИХП yağı olmuşdur.
ИХП-14А və ИХП-14М aşqarlarından istifadə etməklə bir sıra transmissiya, sənaye və reduktor yağları da yaradılmış və istifadə üçün buraxılış vəsiqəsi almışdır: qış transmissiya yağı ТАД-10ИХП; sənaye avadanlığının orta və ağır yüklənən dişli və yivli ötürücülərini yağlamaq üçün ИТД-68 yağı; kağız istehsalı maşınlarının mərkəzləşmiş yağlama sistemləri üçün ИТД-150 yağı; sənaye avadanlığının ağır yüklənmiş elementlərini yağlamaq üçün, eləcə də ИСП və ИРП yağlarını əvəz edə bilən ИТД seriyalı yağlar; neft-mədən sənayesi mancanaqlarının reduktorlarını yağlamaq üçün ВРМ-ИХП-1201 reduktor yağı.
Laboratoriyanın əməkdaşları yerli xammal və yeni aşqar kompozisiyası əsasında respublikamız üçün aktual olan gəmi və stasionar elektrik stansiyalarında istifadə edilən gəmi qazturbin yağı yaratmışdır. ИХП-14М aşqarından istifadə etməklə yaradılan gəmi qazturbin yağı 1993-cü ildən “Neft Daşları” NQÇİ-nin İstilik Elektrik Stansiyasında tətbiq edilir və stasionar qaz turbinlərinin normal və etibarlı işini təmin edir.
Laboratoriyada aparılan məqsədyönlü tədqiqatların nəticəsi çoxsaylı elmi məqalə, müəlliflik şəhadətnaməsi və patentdə öz əksinin tapmışdır. Bunlardan 81-i son 10 ildə çap olunub ki, bunun da 27-si məqalə (18-i impakt faktorlu jurnallarda), 41-i Azərbaycan patentidir. Laboratoriyanın əməkdaşları, həmçinin müxtəlif respublikadaxili və beynəlxalq konfranslarda tezis və məqalələrlə iştirak etmişlər.
Laboratoriyanın uğurlarından biri də “Ksantogen turşularının oksialkilbenzil efirlərinin alınma üsulu” adlı patentin (i2012 0037) 2013-cü ildə keçirilmiş “İxtiraçılıq sahəsində birinci respublika müsabiqəsi”nin qalibi kimi II dərəcəli diploma layiq görülməsidir.