Ekspertlər milyonlarla smartfona müdaxiləyə imkan verən boşluq aşkarlayıblar.
“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, “MediaTek” şirkətinin prosessorları ilə əlaqədar “MediaTek-su” adlı boşluq barədə “XDA Developers” forumunun istifadəçisi məlumat verib. Mütəxəssis qurğuda “root” hüququ əldə etməyə imkan verən sistem boşluğundan istifadə edən skript təqdim edib. Boşluq vasitəsilə haker qurğu üzərində tam nəzarəti və istifadəçinin şəxsi məlumatlarını ələ keçirə bilər.
Qeyd olunan skripti 64 bitlik bütün “MediaTek” prosessorlarında işə salmaq mümkündür. Bu çiplərdən ucuz smartfon və planşetlərdə istifadə olunur. Bu isə öz növbəsində “MediaTek-su” boşluğundan milyonlarla qurğuda istifadəyə imkan verir. Müdaxilə təhlükəsi ilə üzləşən qurğular arasında “Sony Xperia L1” və “L3”, “Realme 1”, “Umidigi Power”, “Xiaomi Redmi 6”, “Nokia 1”, “1 Plus”, “3” və “3.1” seriyalı qurğular və digər smartfonlar sadalanır.
Bildirilir ki, “MediaTek-su” probleminin bir il əvvəl yaranması ilə əlaqədar müdaxilə təhlükəsi artıq əksər proqram təminatı tərtibatçıları tərəfindən aradan qaldırılıb. Bununla belə, indiyədək müdaxilə edilən qurğuların təqribi sayı məlum deyil.
Mütəxəssislər tərəfindən istifadəçilərə smartfonları müntəzəm yeniləmək və təhlükəsizlik proqramları quraşdırmaq tövsiyə olunur.
Nizam Nuriyev