“Sabahın alimləri” IX Respublika müsabiqəsinin açılışı olub

1372

Azərbaycan Texniki Universitetində İntel İSEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində “Sabahın alimləri” IX Respublika müsabiqəsinin açılış mərasimi keçirilib.

Müsabiqə Təhsil Nazirliyi, AMEA, Gənclər və İdman Nazirliyi, Heydər Əliyev Mərkəzi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi və BP-nin təşkilatçılığı ilə reallaşıb.

Mərasimdə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva çıxış edərək müasir dünyada elmin, təhsilin mühüm rolunu vurğulayıb, dövlət başçısı tərəfindən bu sahəyə xüsusi önəm verildiyini bildirib.

M.Vəliyeva “Sabahın alimləri” müsabiqəsindən də bəhs edərək, əsas məqsədin IX-XI sinif şagirdlərinin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılmasından ibarət olduğunu bildirib. Qeyd edib ki, yüksək elmi-tədqiqat nəticələri əldə etmiş Azərbaycan məktəblilərinin ABŞ-da keçirilən İSEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisinə göndərilməsi də müsabiqənin məqsədləri sırasındadır.

Bildirilib ki, bu il müsabiqəyə 454 şagird 258 layihə ilə müraciət edib. Onlardan 327-i 187 elmi layihə ilə müsabiqədə iştirak etmək hüququ qazanıb. 187 layihə sırasında fərdi layihələrin sayı 47, kollektiv layihələrin sayı isə 140-dır.

Açılış mərasimində AMEA-nın akademik-katibi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov da iştirak edib.

Müsabiqə fevralın 13-də yekunlaşacaq.

www.science.gov.az

PAYLAŞ