Türkiyədə nəşr olunan kitaba Aşqarlar Kimyası İnstitutunun alimlərinin müştərək beynəlxalq tədqiqatlarının nəticələri daxil edilib

176

Türkiyənin dünyaca məşhur İKSAD Beynəlxalq Akademik Nəşriyyat Evi Cümhuriyyətinin 100 illiyinə həsr edilən “Elmi tədqiqatlarda son inkişaflar II” (Recent developments in scientific research II) adlı kitab çap ediblər. Zərif üzvi kimya, biokimya və fiziki kimyaya aid beş fəsildən ibarət olan kitabın dördüncü fəslində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun alimləri – akademik Vaqif Fərzəliyev və kimya elmləri doktoru, professor Əfsun Sucayevin Türkiyənin Atatürk və Bartin Universitetindən olan həmkarları ilə beynəlxalq səviyyədə apardıqları tədqiqatların nəticələrindən bəhs edir. “N-əvəzli tiokarbamid və feniltiokarbamidin N-əvəzolunmuş yeni tsiklik törəmələrinin bioloji fəallıqları: sadədən mürəkkəbə doğru” adlanan icmal məqalədə (V.Fərzəliyev, P.Taslimi, Ə.Sucayev, N.Sadeghian, Z.Karaoglan, İ.Gülçin, Bioactivity of N-substituted cyclic derivatives of thiourea and phenylthiourea: from simplicity to complexity, Recent developments in scientific research II, book, Iksad Publications – 2024, Ankara/Turkey, p.57-81; https://iksadyayinevi.com/home/recent-developments-in-scientific-research-ii/ ) kimyaçı alimlər tərəfindən son 10 ildə zərif üzvi sintezin və nəzəri hesablamalar kimyasının imkanlarından istifadə etməklə kimyəvi reaksiyaların sadədən mürəkkəbə doğru təsir mexanizminin fundamental elmi əsaslarının yaradılması istiqaməti üzrə aparılan tədqiqatların müqayisəli nəticələri verilmişdir.

Məlumat üçün qeyd edək ki, peşəkar akademik açıq nəşriyyatçı olan İKSAD Beynəlxalq Nəşriyyat Evi 2014-cü ildə Türkiyədə İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutu tərəfindən təsis edilmişdir. Adıçəkilən nəşriyyat CrossRef (Publishers International Linking Association) üzvüdür.

 

PAYLAŞ