Ümummilli liderin yeni neft strategiyası Azərbaycanın indiki qələbələrini şərtləndirib

109

“Heydər Əliyev və neft strategiyası” mövzusu gündəmə gələndə ilk olaraq müstəqillik illərində Ümummilli liderin minbir əziyyətlə həyata keçirdiyi yeni neft strategiyası və onun şah əsəri olan “Əsrin müqaviləsi” yada düşür. Bu da anlaşılandır. Çünki bu hadisələr çoxumuzun gözünün qabağında baş verdiyi üçün ölkəmizdə neft strategiyasının başlanğıcını həmin müqavilənin imzalandığı gündən qəbul edirik. Amma məsələnin mahiyyət və məzmununa varanda Azərbaycan neft strategiyasının əsasının qoyulmasının hələ dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyətinin birinci dövrünə təsadüf etdiyini görmək olar”. Bu fikirləri Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, kimya elmləri doktoru Əfsun Sucayev Bakı Dövlət Universitetinin Kimya fakültəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycanın neft strategiyası” adlı tədbirdə səsləndirib. Onun sözlərinə görə, Ümummilli liderin sovet dövründə ilk dəfə respublika rəhbərliyinə gələnə qədər Azərbaycanda neft sektorunda istər istehsal, istərsə də emal müəssisələrinin yaradılmasında SSRİ rəhbərliyi tərəfindən ittifaq respublikaları arasında məqsədli şəkildə ayrı-seçkiliyə yol verilirdi: “Ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra onun qətiyyəti və iradəsi sayəsində Azərbaycanın neft sənayesinin yenidən qurulmasında, müasirləşdirilməsində əsaslı dönüş mərhələsi başlandı. 1971-ci ildə respublikada neft sənayesinin qarşısında duran həlli vacib məsələləri diqqətlə araşdıran Heydər Əliyev ilk növbədə bu sahənin bütün texniki-iqtisadi və sosial baxımdan yeniləşdirilməsi proqramının yaradılması işini təşkil etməklə neft sektorunun inkişaf konsepsiyasının əsasını qoydu. O, neft sektorunda iqtisadi cəhətdən daha səmərəli yeni istiqamətlərin yaradılmasında, mövcud faydalı istehsal sahələrinin genişləndirilməsində və modernləşdirilməsində xidmətləri çox böyük oldu”.

Ə.Sucayev bildirib ki, bu sahədə yüksək ixtisaslı kadr hazırlığına daha çox diqqət yönəldilib: “Heydər Əliyev dahi və müdrik rəhbər olaraq çox yaxşı bilirdi ki, Azərbaycan zəngin neft, qaz sənayesi ölkəsi olduğundan onun neft və qazçıxarma, neft və qaz emalı, neft kimyası və bütövlükdə sənaye sahələrini yüksəkixtisaslı milli kadrlar olmadan inkişaf etdirmək və bütövlükdə güclü, rəqabətə davamlı respublika yaratmaq mümkün deyil. Ona görə, dahi şəxsiyyətin məqsədyönlü siyasətinə uyğun olaraq bu sahə üzrə ixtisaslaşmış kadr hazırlığı həyata keçirilir, eyni zamanda yerli mütəxəssislərimiz dünyanın neft sahəsi üzrə aparıcı ölkələrinin aparıcı təşkilatlarında ixtisasartırmaya göndərilərək orada qazanılan təcrübənin ölkəmizə transformasiyasına nail olunurdu”.

YAP rəsmisi məruzəsində qeyd edib ki, tarixi şəxsiyyətin, məhz hakimiyyətinin birinci dövründə neft strategiyasının yaradılması istiqamətində görülmüş işlər 1994-cü il sentyabr ayının 20-də Azərbaycan Dövlət Neft Şirkəti ilə ABŞ, Türkiyə, Böyük Britaniya, Norveç, Rusiya Federasiyası, Səudiyyə Ərəbistanı, Yunanıstan neft şirkətlərinin daxil olduğu konsorsium arasında Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” neft yataqlarının bir hissəsinin birgə işlənməsi haqqında 30-illik “Əsrin müqaviləsi”nin imzalanması üçün etibarlı bünövrə, Ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasında və müstəqilliyimizin möhkəmləndirilməsində əsaslı addım oldu.

Ə.Sucayev vurğulayıb ki, Ümummilli liderin yaratdığı neft strategiyası yeni mərhələdə, yeni reallıqlar konteksində inkişaf etməkdədir: “Dövlət başçısı cənab İlham Əliyev hər bir sahədə olduğu kimi neft sektorunda da qabaqcıl texnologiyalara və yüksək ixtisaslı kadrlara malik istehsal, emal sahələrinin inkişaf etdirilməsində Heydər Əliyev yolunu, proqramını və qayğıkeşliyini müasir mərhələdə yeni yanaşmalar əsasında ardıcıl davam etdirir. Məhz Ümummilli liderin neft strategiyasının uğurla həyata keçirilməsinin ölkəmizə gətirdiyi siyasi divident ölkəmizin beynəlxalq arenada nüfuzunun artırılmasına, iqtisadi divident isə ölkə iqtisadiyyatının güclənməsi, müdafiə qüdrətinin yüksəlməsinə, hər iki amil isə qüdrətli ordunun vasitəsi ilə 30 illik işğala son qoyan 44 günlük Böyük Zəfəri şərtləndirdi, ərazi bütövlüyümüz bərpa olundu və xalqımıza böyük qələbə sevinci bəxş etdi. Bir sözlə dahi şəxsiyyətin qurtuluşdan tərəqqiyə çatdırdığı ölkəmizi, Ali Baş Komandan cənab İlham Əliyev Zəfərə daşıdı”, -deyə fikirlərinə əlavə edib.

PAYLAŞ