Yaşıl çayda koronavirusa qarşı təsirli bir maddə aşkar edilmişdir

865

Suonsi Universitetinin (İngiltərə) alimləri yaşıl çayda COVID-19 ilə mübarizədə faydalı ola biləcək bir maddə aşkar etmişlər. MedicalXpress-dəki press-relizdə RSC Advances jurnalında dərc olunan bu araşdırma haqqında məlumat verilir.

Mütəxəssislər virusun müəyyən komponentlərinə təsir edərək SARS-CoV-2 infeksiyasını məhv edə biləcəklərini müəyyən etmək üçün müxtəlif fitokimyəvi maddələrin quruluşunu təhlil etmişlər. Seçilmiş 132 maddənin koronavirusun əsas proteazı (Mpro) ilə qarşılıqlı təsiri öyrənilmişdir. Nəticədə onlardan ikisinin – sinnamtannin-B və qallokatexin qallatın – Mpro-nu ən təsirli şəkildə bloklayan fitobirləşmə olduğu aşkar edilmişdir.

Beşlər qaydasına görə (Lipinski qaydası) birləşmənin onun oral qəbulunu təmin edən bir sıra molekulyar xüsusiyyətləri olmalıdır, məsələn, donor hidrogen rabitəsi 5-dən çox və ya akseptor hidrogen rabitəsi 10-dan çox olmamalıdır. Qallokatexin qallat tələbə cavab verdiyindən, sonrakı analizlər üçün birləşmənin özü və analoqu götürülmüşdür.

Qallokatexinin analoqu (2R, 3R)-2-(3,4-dihidroksifenil)xroman-3-il-3,4,5-üzhidroksibenzoat, RNT-yə bağlı RNT polimeraza da daxil olmaqla bir neçə SARS-CoV-2 hədəfini müvəffəqiyyətlə inhibirləşdirmişdir.

Alimlər qallokatexinin COVID-19-un qarşısını almaq və ya müalicə etmək üçün klinik cəhətdən təsirli və təhlükəsiz olub olmadığını göstərmək üçün əlavə araşdırmalara ehtiyac olduğunu söyləmişlər.

PAYLAŞ