“Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar Aşqarlar Kimyası İnstitutuna yaradıcı gənclərin ekskursiyası təşkil olunub

146

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında” 25 dekabr 2023-cü il tarixli Sərəncamının icrası ilə bağlı silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulub. Belə tədbirlərdən biri də məktəblilərin Aşqarlar Kimyası İnstitutuna ekskursiyasının təşkili, onları bu elmi tədqiqat institutunda ekoloji problemlərin həlli və ətraf mühitin sağlamlaşdırılması istiqamətində həyata keçirilən elmi işlərlə tanış etməkdir.

Bu dəfə Bakı şəhər “3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi” Publik Hüquqi Şəxsin  “Multi Elm” dərnəyinin üzvləri Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutuna ekskursiya ediblər.

İlk öncə şagirdlər institutun “Heydər Əliyev Guşəsi” qarşısında ümummilli lider Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad edib və xatirə şəkli çəkdiriblər.

Sonra İnstitut rəhbərliyi institutun akt zalında şagirdlərlə  görüş keçirib. Görüşdə qonaqları salamlayan institutun icraçı direktoru kimya elmləri doktoru, professor Əfsun Sucayev bildirib ki, Azərbaycan bu ilin 11-24 noyabr tarixlərində COP29 (Conference of the Parties) adlı möhtəbər tədbirə ev sahibliyi edəcək. Eyni zamanda  Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2024-cü il ölkədə “Yaşıl dünya naminə həmrəylik ili” elan olunub. Çünki bu qeyd olunan qlobal tədbir və respublika miqyaslı yaşıllıq hərəkatının əsas məqsədi ekoloji problemlərin minimuma endirilməsi, ətraf mühitin sağlamlaşdırılmasıdır: “Biz də İnstitutda bu illə əlaqədar Tədbirlər Planı hazırlamışıq. Həmin planda nəzərdə tutulan tədbirlərdən biri də ekoloji problemlərin həllinə yönələn elmi layihələrlə Sizi tanış etməkdir”.

Ə.Sucayev İnstitut alimlərinin neftlə çirklənmiş ərazilərin təmizlənməsi, işlənmiş yağların regenerasiya texnologiyaların yaradılması, Bakı Neft Emalı Zavodu tərəfindən Balaxanıda böyük ərazilərə atılmış turş qudrunun emalı üçün yaradılan əlavələrlə bağlı həyata keçirdiyi elmi tədqiqatların əsas nəticələri haqqında ətraflı məlumat verib, şagirdləri maraqlandıran sualları cavablandırıb.

Məktəbli gənclər İnstitutda çalışmış və hazırda çalışan Azərbaycanın görkəmli kimyaçı alimləri – akademik Əli Quliyev, akademik İzzət Orucova, akademik Vaqif Fərzəliyev və Kamil Sadıxov haqqında hazırlanmış videoçarxı izləyiblər.

Şagirdlər İnstitutun laboratoriyalarına baş çəkib və müasir fiziki-kimyəvi cihaz və avadanlıqlarla tanış olublar, bəzi elmi təcrübələri izləyiblər.

 

PAYLAŞ