Yerli ali məktəblərin və elmi-tədqiqat institutlarının “Web of Science” bazasına çıxış imkanı yaradılacaq

165

Bakı, 14 iyul, AZƏRTAC

Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə nüfuzlu “Clarivate Analytics” şirkəti arasında əməkdaşlığa dair onlayn imzalanma mərasimi həyata keçirilib.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, “Web of Science” elmmetrik bazasına çıxışa dair müqavilənin imzalanma mərasimində elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sədri Ülkər Səttarova, “Clarivate Analytics” şirkətinin vitse-prezidenti Stefan Hotorn iştirak ediblər.

Müqaviləyə əsasən, ilk dəfə olaraq Azərbaycanın yerli ali təhsil müəssisələri, eləcə də elmi-tədqiqat institutları üçün “Web of Science” elmmetrik bazasına çıxış imkanı yaradılacaq.

İmzalanma mərasimində çıxış edən agentliyin İdarə Heyətinin sədri Ülkər Səttarova əməkdaşlığın elm və təhsilə verəcəyi töhfəni xüsusi vurğulayaraq ölkəmizə aid elmi nəticələrin kəmiyyət və keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına təkan verəcəyini qeyd edib.

https://azertag.az/xeber/Yerli_ali_mekteblerin_ve_elmi_tedqiqat_institutlarinin_Web_of_Science_bazasina_chixis_imkani_yaradilacaq-2694946

PAYLAŞ