AMEA Aşqarlar Kimyası İnstitutunda 31 mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan anım tədbiri keçirilib

529

Bu gün Azərbaycan Milli Elmlər Akademiyası Aşqarlar Kimyası İnstitutunda 31 mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan anım tədbiri keçirilib.  Soyqırım qurbanları və Vətən Müharibəsi qəhrəmanlarının xatirəsinin  bir dəqiqəlik yad edilməsi ilə başlanan tədbirdə çıxış edən İnstitutun baş direktoru akademik Vaqif Fərzəliyev bildirib ki, son iki yüz ildə Azərbaycan tarixinə bir çox şanlı səhifələrlə yanaşı, faciələr və soyqırımları, müsibətlərlə dolu səhifələr də yazılıb: “Bu dəhşətli hadisələrdən biri 1918-ci ilin mart-aprel aylarında yaşanmışdı. Azərbaycanlılara qarşı iki əsr davam edən soyqırım düşünülmüş şəkildə genişmiqyaslı qanlı aksiya nəticəsində yüzlərlə yaşayış məntəqəsini yerlə-yeksan edib, minlərlə azərbaycanlını böyük qəddarlıqla qətlə yetirmişlər. Ermənilərin Azərbaycana qarşı uzun illər boyu apardığı ardıcıl etnik təmizləmə, soyqırım və təcavüzü nəticəsində minlərlə insan evindən-obasından didərgin düşmüşdur”.

Akademikin sözlərinə görə, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra Ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə soyqırımı aktlarına siyasi-hüquqi qiymətin verilməsi bu sahədə aparılan tədqiqatlara, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi. “Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi”, -deyə fikirlərinə əlavə etdi.

Anım tədbirində İnstitutun icraçı direktoru k.e.d., dosent Əfsun Sucayev, elmi katib k.ü.f.d. Mehparə Səfərova, laboratoriya müdirləri – k.e.d., prof. Pərvin Məmmədova və tex.e.d., prof. Həqiqət Cavadova çıxış edərək 1918-ci ilin mart soyqırımlarının öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciə olması haqqında fikirlərini bildirdilər.

PAYLAŞ