AMEA Aşqarlar Kimyası İnstitutunda “Bilik Günü” qeyd edilib

661

Dünən Azərbaycan Milli Elmlər Akademiyası akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda yeni dərs ilinin başlanması və Bilik Günü münasibətilə tədbir keçirildi. Adıçəkilən elmi müəssisədə magistr hazırlığı həyata keçirən müəllimləri bu əlamətdar gün münasibəti ilə təbrik edən İnstitutun direktoru, akademik Vaqif Fərzəliyev bildirdi ki, bu il yeni dərs ili pandemiya dövrünə təsadüf edir: “Bu nöqteyi-nəzərdən, yeni dərs ili yeni formatda – onlayn rejimdə təşkil ediləcəkdir. Artıq İnstitutun Təhsil Şöbəsi bütün hazırlıq prosesini tamamlayıb. İndiyə qədər tədris prosesinin həyata keçirildiyi baza kafedrasında maddi-texniki təminat tam yenlənib. Kompüterlər müasir tədris proqramları ilə təchiz edilib. Müəllimlərimiz mühazirə və seminar dərslərini “Zoom” və “Microsoft Teams” platforması üzərindən keçəcəklər”.

V.Fərzəliyev AMEA-da magistr hazırlığının üstünlüklərini qeyd etdi: “Artıq 5 ilə yaxındır ki, AMEA-da magistr hazırlığı həyata keçirilir. Bu ilk növbədə elmdə fasiləsizliyi aradan qaldırıb. Çünki magistraturanı elmin ilk pilləsi hesab etmək olar. Akademiyada bu pilləni yüksək səviyyədə başa vuranlar növbəti mərhələdə doktoranturada təhsillərini davam etdirirlər. Bu da həm ölkənin, həm də elmi tədqiqat müəssisəsinin özünün yüksək ixtisaslı kadrlara olan ehtiyacını ödəmiş olur”.

Akademik qeyd etdi ki, AMEA-da magistrantların daha çox praktik hazırlığına önəm verilir: “Təhsilin ilk ilindən magistrantlar laboratoriyaya cəlb olunur, həm nəzəri biliklərini laboratoriyalarda möhkəmləndirir, həm də öz elmi tədqiqat işlərinin təcrübi hissəsini yerinə yetirirlər. Artıq təhsilin sonunda onlar laboratoriyada müstəqil elmi tədqiqat apara bilən mütəxəssislərə çevrilirlər. Onların elmi məqalələri “Web of Science” və “Scopus” elmi bazalarına daxil olan nüfuzlu jurnallarda dərc olunur”.

İnstitut rəhbəri dedi ki, magistr hazırlığının kəmiyyət və keyfiyyət göstəricilərinin daha da yaxşılaşdırılması üçün müəllimlər tədris etdiyi fənnə aid ixtisaslaşmış dərs vəsaitlərinin, kitabların hazırlanıb çap edilməsinə önəm verməlidirlər.

İnstitutun Təhsil Şöbəsinin müdiri, k.ü.f.d. Sədaqət Şamxalova magist təhsili hazırlığı ilə bağlı aparılan işlər haqqında məlumat verərək bildirdi ki, mövcud təlimat və qaydalara görə, ilk mərhələdə bu prosesdə həm mühazirə, həm də seminar dərslər onlayn təşkil olunacaq. Oktyabrın 1-dən isə magistrantların elmi tədqiqatlara cəlb olunması və onlara təcrübi vərdişlərin aşılanması üçün laboratoriya dərslərinin canlı, yəni laboratoriya şəraitində keçirilməsi nəzərdə tutulur.

İnstitutun elmi işlər üzrə direktor müavini, k.ü.e.d., dosent Ə.Sucayev, elmi katib, k.ü.f.d. M.Səfərova, müəllimlərdən professor H.Cavadova öz fikir və təkliflərini bildirdilər.

PAYLAŞ