AMEA Aşqarlar Kimyası İnstitutunda Xocalı Soyqırımının 29-cü ildönümü qeyd edilib

608

AMEA Aşqarlar Kimyası İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurası, Azad Həmkarlar Təşkilatı və YAP Ərazi Təşkilatının birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 29-cü ildönümünə həsr olunan onlayn tədbir keçirilib. ZOOM platforması üzrəindən baş tutan tədbirdə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İnstitutun elmi işlər üzrə direktor müavini, k.e.d., dosent Əfsun Sucayev qeyd etdi ki, bu soyqırımın 29-cü ildönümü ali baş komandan cənab İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun 44 gün davam edən II Qarabağ müharibəsindən sonra ərazilərin işğaldan azad olunması, ərazi bütövlüyümüzün təmin edilməsi  və eyni zamanda Xocalıda şəhid olan günahsız vətəndaşlarımızın qisasının alındığı bir vaxta təsadüf edir: “Bundan sonrakı əsas hədəfimiz soyqırımın törədildiyi Xocalı şəhərində soyqırım qurbanlarına abidənin ucaldılması və bu qanlı hadisənin öz ərazisindən dünyaya çatdırılması olacaq”.

İnstitutun Azad Həmkarlar Təşkilatının sədri, dosent Elxan İsakov və Gənc Alim və Mütəxəssislər Şurasının sədri, k.ü.f.d. Səbiyə Osmanova təqdimatla məruzə etdilər. Onlar bildirdilər ki, xalqımızın başına XX əsrdə erməni vandalları və cəlladları tərəfindən  gətirilən bu qanlı, ağır faciədən 29 il ötməsinə baxmayaraq Xocalı soyqırımının ağrı və acısı heç vaxt unudulmamalıdır. Bu faciənin unudulmaması və tarixi həqiqətlərin dünya elmi ictimayyətinə çatdırılması hər kəsin, o cümlədən ixtisas və peşəsindən aslı olmayaraq bütün ziyalıların vətəndaşlıq borcudur və hər birimiz üzərimizə düşən missiyanı layiqincə yerinə yetirməliyik.

Tədbirdə Xocalı Soyqırımı ilə bağlı videoçarx nümayiş etdirilib, institut əməkdaşları öz təəsüratlarının bölüşüblər.

PAYLAŞ